...

Azərbaycanda deputatlığa keçmiş namizədin məhkəməsi davam edib

Cəmiyyət Materials 8 Avqust 2011 19:28 (UTC +04:00)
Avqust ayının 8-də ötən ilin parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində seçkini pozmağa yönəlmiş hərəkətlər etmiş Vidadi İsgəndərov barəsində cinayət işinin məhkəmə baxışı Göyçay rayon məhkəməsində davam etdirilib
Azərbaycanda deputatlığa keçmiş namizədin məhkəməsi davam edib

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Avqust ayının 8-də ötən ilin parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində seçkini pozmağa yönəlmiş hərəkətlər etmiş Vidadi İsgəndərov barəsində cinayət işinin məhkəmə baxışı Göyçay rayon məhkəməsində davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmə iclası Vidadi İsgəndərovun zalda olan insanları təəccübləndirən bəyanatı ilə başlayıb. İsgəndərov zalda mətbuat təmsilçilərinin və müxalifət partiyalarının nümayəndələrinin olmasını görüb zala müraciət edərək bildirib: "Bəyan edirəm ki, mən seçkiləri pozmaq məqsədilə bu seçkidə iştirak etmişəm, şüurlu surətdə sekçiləri pozmaq istəmişəm, ümumiyyətlə, mənim məqsədim bu dövləti dağıtmaqdan ibarətdir".

Dövlət ittihamçısının etirazından sonra Vidadi İsgəndərovun hərəkətləri dayandırılıb və proses davam etdirilib.

Bundan sonra onun vəkili tərəfindən verilmiş vəsatətlər müzakirə olunaraq əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməyib.

Məhkəmədə dindirilmiş şahidlər Rövşən Şərifov, Şəlalə Qasımova, Əlisəfa Bəykişiyev, Solmaz Həsənova və qeyriləri ətraflı ifadələr verərək seçki günü Vidadi İsgəndərovun öz dəstəsi ilə 2 və 16 saylı məntəqələrə hücum edərək komissiya üzvlərinə zor tətbiq etməklə və hədə-qorxu gəlməklə seçki bülletenlərini oğurlayıb aparmasını, bir saat ərzində seçki prosesini pozmasını təsdiq ediblər.

Vidadi İsgəndərov şahidləri çaşdırmağa çalışsa da, dövlət ittihamçısının vəsatətinə əsasən, həmin şahidlərin müstəntiqə verdikləri ifadələr elan edilib və məlum olub ki, onlar istintaqda da oxşar ifadələr veriblər, ifadələr arasında heş bir əhəmiyyətli ziddiyyət olmayıb.

Şahidlərin ifadələri ilə ifşa olunması əsəbi olan Vidadi İsgəndərovu özündən tam çıxardıb və o, şahidləri açıq-aşkar hədələyərək, onlardan və yaxın qohumlarından amansızcasına intiqam alacağını bildirib.

Prosesdə diqqəti cəlb edən daha bir hal da ondan ibarət olub ki, zalda oturan və özünü AXCP-nin nümayəndəsi kimi təqdim edən Həqiqət Vəliyeva şahidlərin İsgəndərovu ifşa edən ifadələr verməsini görüb özündən çıxaraq, əsəbi halda şahidləri birbaşa küçə söyüşləri ilə təhqir etməyə başlayıb, buna görə də həmin qadın məhkəməyə sədrlik edən tərəfindən zaldan çıxarılıb.

İşin məhkəmə baxışı şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti