Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir M.Əliyev/
Futbol üzrə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Azərbaycan-Avstriya oyunu Mərdəkanda təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AFFA-nın yaydığı məlumatda bildirilib.
Qarşılaşma Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.
Azərbaycan Avstriya ilə ilk görüşdə 0:3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi altı oyunda bir qələbə, beş məğlubiyyətlə üç xal qazanıb. Bu nəticə ilə Azərbaycan A qrupunda altı yığma arasında beşinci yerdə qərarlaşıb.
Avropa çempionatı 2012-ci ilin yayında Ukrayna və Polşada keçiriləcək.