...

Azərbaycanda Vergilər Nazirliyinin əməkdaşları qanunsuz yoxlamalar apardıqlarına görə tutulublar

Cəmiyyət Materials 16 Avqust 2011 13:59 (UTC +04:00)
Trend-in Baş Prokurorluq və Vergilər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, vətəndaş Həbibova Kəbirə Ruhulla qızı avqustun 12-də ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək özlərini həmin nazirliyin əməkdaşları kimi təqdim edən iki şəxsin Həbibovanın işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi 35 ünvanda yerləşən "Ləziz" kafesində qanunsuz yoxlama apardıqlarını və pul tələb etdiklərini bildirib.
Azərbaycanda Vergilər Nazirliyinin əməkdaşları qanunsuz yoxlamalar apardıqlarına görə tutulublar

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək qanunsuz yoxlamalar aparan şəxslər tutulub.

Trend-in Baş Prokurorluq və Vergilər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, vətəndaş Həbibova Kəbirə Ruhulla qızı avqustun 12-də ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək özlərini həmin nazirliyin əməkdaşları kimi təqdim edən iki şəxsin Həbibovanın işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi 35 ünvanda yerləşən "Ləziz" kafesində qanunsuz yoxlama apardıqlarını və pul tələb etdiklərini bildirib.

Şikayətlə bağlı Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin Xüsusi rejimli müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Cəlilov Xəyal Xəlil oğlu və Vergilər Nazirliyinin sərəncamında olan Dadaşov İlham Əliş oğlu "Ləziz" kafesinə gəlib, hər ikisinin konkret xidməti sahəsinə aid olmamasına baxmayaraq, vergi müfəttişləri kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar vergi qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı qanunsuz yoxlama aparıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Həbibova Kəbirə Ruhulla qızına işəgötürən kimi vətəndaş Şirinova Gülnarə Cəbrayıl qızı ilə əmək müqaviləsi bağlamadığı üçün Vergi Məcəlləsinin tələblərinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməklə 1000 manat məbləğində cərimə olunacağını bildirərək, inzibati xəta törətməsi ilə bağlı müvafiq sənədləşmə aparılmaması müqabilində, yəni qanunsuz hərəkətsizliyə görə 400 manat pul istəyiblər.

Həbibova tələb olunan pulu onlara həmin gün saat 18:00 radələrində verəcəyini bildirib.

Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cəlilov və Dadaşov tələb etdikləri pulu Həbibovadan alarkən cinayət başında yaxalanıblar.

Kifayət qədər əsaslar olduğuna görə toplanmış material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Törətdikləri cinayət əməllərinə görə Cəlilov və Dadaşov Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə cinayət məsuliyyəti nəzərdə tutan 311.3.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti