Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azəbaycan ombudsmanı Elmira Süleymanova daxili işlər naziri Ramil Usubova müraciət edib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə müvəkkil Elmira Süleymanova və MPM qrupunun üzvləri azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərində, o cümlədən müvəqqəti saxlama təcridxanaları (MST), penitensiar müəssisələr, müvafiq sosial obyektlər və psixiatriya xəstəxanalarında müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin polis orqanlarının azadlığın məhdudlaşdırılması yerlərinə başçəkmələr zamanı bir sıra pozuntular aşkar edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, şəhər və rayon polis orqanlarının bir neçəsi istisna olmaqla, Bakı şəhərində yerləşən bütün müvəqqəti saxlanma təcridxanalarında şübhəli və təqsirləndirilən şəxslər qəbul edilərkən həkim müayinəsindən keçirilməli olduğu halda bu qaydalara hər zaman riayət olunmur.
Müvəqqəti saxlanma təcridxanalarının (MST) rəisləri ilə söhbətlər zamanı onlar bunu mövcud ştatlarında həkim yerinin olmaması ilə əlaqələndirib, aidiyyəti üzrə rayon xəstəxanalarının rəhbərliyi ilə bu barədə apardıqları danışıqların nəticəsiz qaldığını bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, yalnız saxlanılan şəxs MST-də səhhəti ilə bağlı şikayət etdiyi halda təcili tibbi yardım çağırılır.
MPM rəhbəri kimi ombudsman bu məsələ ilə bağlı Daxili İşlər nazirinə məktubla müraciət edərək, həmin halların yoxlanılmasını, müvafiq tədbirlər görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.