...

Azərbaycanda erkən nikahların qarşısının alınması üzrə tədbirlər genişləndiriləcək

Cəmiyyət Materials 19 Avqust 2011 17:24 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində əhali arasında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin miqyasını genişləndirəcək.
Azərbaycanda erkən nikahların qarşısının alınması üzrə tədbirlər genişləndiriləcək

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M.Əliyev/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində əhali arasında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin miqyasını genişləndirəcək. Bu barədə Trend-ə cümə günü komitənin sədr müavini Aynur Sofiyeva bildirib.

"Komitə yarandığı gündən erkən nikahların qarşısının alınması istiqamətində işləyir. UNİCEF ilə birgə araşdırma, bir sıra layihələr həyata keçirilib. Hazırda komitədə Dövlət Proqramının icrası ilə bağlı əlavə tədbirlərin keçirilməsi üzrə müzakirələr aparılır", - o bildirib.

Sofiyevanın sözlərinə görə, Bakı ilə yanaşı, daha çox regionlarda maarifləndirmə işinin aparılmasına fikir veriləcək.

"Hər regionda həm ictimaiyyətlə, həm də müvafiq icra hakimiyyəti orqanları ilə görüşdə erkən nikah məsələsi diqqət mərkəzində olur. Araşdırmalar da göstərir ki, bu məsələ ailənin sosial və ya təhsil səviyyəsi ilə bağlı deyil", - o qeyd edib.

Sofiyeva həmçinin bildirib ki, bu sahədə yaşanan problemlərin qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklər də təklif olunur. Onun sözlərinə görə, bu məqsədlə qızlar üçün nikah yaşının 17-dən 18 yaşa qaldırılması ilə bağlı Milli Məclisə təkliflər ünvanlanıb. Həmçinin övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlərə qarşı məsuliyyətin gücləndirilməsini özündə əks etdirən təkliflər üzərində iş aparılır.

Xəbər lenti

Xəbər lenti