...

Sumqayıt marşrutlarında sərnişinlərdən artıq gediş haqqı alındığı aşkar olunub

Cəmiyyət Materials 23 Avqust 2011 17:46 (UTC +04:00)
Bakı-Sumqayıt marşrutu ilə sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı süni qiymət artımına yol verildiyi və sərnişinlərdən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş məbləğlərdən artıq gediş haqqı alındığı müəyyən edilib.
Sumqayıt marşrutlarında sərnişinlərdən artıq gediş haqqı alındığı aşkar olunub

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sərnişindaşıma sahəsində apardığı monitorinqlər zamanı Bakı-Sumqayıt marşrutu ilə sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı süni qiymət artımına yol verildiyi və sərnişinlərdən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş məbləğlərdən artıq gediş haqqı alındığı müəyyən edilib. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

Belə ki, Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən, Bakı-Sumqayıt marşrutu üzrə Sumqayıt şəhərinə qədər gediş haqqı 35 qəpik təşkil etdiyi halda, Ceyranbatan qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda sərnişinlərdən əlavə 5 qəpik, Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda isə Sumqayıtın girişinədək gedən sərnişinlərdən 15 qəpik artıq gediş haqqı alındığı aşkar olunub.

Görülmüş tədbirlər nəticəsində bu marşrutlarda süni qiymət artımının qarşısı alınıb və gediş haqlarının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilmiş qiymətlərə uyğunlaşdırılması təmin edilib.

Monitorinqlər zamanı Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişinlərdən artıq gediş haqqı alınması halları müəyyən edilməyib.

Marşrutlar üzrə sərnişindaşıma xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurasının internet saytında ( www.tariffcouncil.gov.az ) yerləşdirilib. Sərnişinlərə bu qiymətlərdən artıq gediş haqqı tələb olunduqda, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə (195-2) və ya nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (telefonlar: (012) 498-15-01 və (012) 498-15-04) müraciət etmələri tövsiyə olunur.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti