...

Günəşdə baş verən güclü alışmaların təsiri 2-3 gündən sonra Yerdə hiss olunacaq - Şamaxı Astrofizika Rəsədxanası

Cəmiyyət Materials 7 Sentyabr 2011 17:48 (UTC +04:00)
Günəşin 1283 nömrəli fəallıq regionunda sentyabrın 6-da baş verən güclü alışmaların təsiri 2-3 gündən sonra Yerdə hiss olunacaq.
Günəşdə baş verən güclü alışmaların təsiri 2-3 gündən sonra Yerdə hiss olunacaq - Şamaxı Astrofizika Rəsədxanası

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Günəşin 1283 nömrəli fəallıq regionunda sentyabrın 6-da baş verən güclü alışmaların təsiri 2-3 gündən sonra Yerdə hiss olunacaq. Bunu çərşənbə günü Trend-ə Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, hazırda Günəşdə 93 ləkə müşahidə olunur. Bu ləkə 4 fəallıq regionunda cəmləşib. Bunların arasında 1283 nömrəli fəallıq regionu fəallığı ilə daha çox seçilir.

"Bu regiondakı ləkələrin tam maqnit sahəsinin konfiqurasiyası mürəkkəbdir. Həm də bu ləkələr günəş diskinin mərkəzinə yaxın yerləşir. Bu isə o deməkdir ki, həmin fəallıq regionundan olan alışmalar geoeffektiv olacaq, yəni bu cür alışmaların təsiri adətən Yerə doğru yönəlmiş olur", - Babayev bildirib.

O əlavə edib ki, 1283 nömrəli fəallıq regionunda baş verən güclü alışmaların təsiri nəticəsində Yerin maqnit sahəsi həyəcanlanacaq.

"Bununla əlaqədar da geomaqnit həyəcanlanmaları gözləmək olar. Amma maqnit qasırğasının baş verib-verməyəcəyi plazma selinin Yerə çatdığı ərəfədə planetlərarası maqnit sahəsinin istiqamətindən asılı olacaq. Amma bunlarsız da geomaqnit həyəcanlanması kifayət qədər güclü olacaq", - astronom qeyd edib.

Onun sözlərinə görə, son günlərdə Günəşdə fəallıq getdikcə artır. Amma bu prosesi qeyri-adi hesab etmək olmaz. Çünki Günəş özünün növbəti 11-ci maksimumuna yaxınlaşmaqda davam edir.

Bütün bu proseslərin Azərbaycana təsirinə gəldikdə, Babayev bildirib ki, Günəş alışmasının orta və yuxarı en dairələrinə təsiri fərqlidir. Azərbaycanın da daxil olduğu orta en dairələri ilə müqayisədə yuxarı en dairələrində bu təsir daha çox hiss edilir. Azərbaycanda alışmanın təsiri qismən hiss ediləcək.

Babayev buna görə əhali arasında narahatlığın yaranmasına əsas görmür.

Xəbər lenti

Xəbər lenti