...

Bu gün Azərbaycanın 11 rayonunda payız buraxılış imtahanları keçiriləcək

Cəmiyyət Materials 8 Sentyabr 2011 10:57 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gün respublikanın Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarındakı ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları keçirəcək.
Bu gün Azərbaycanın 11 rayonunda payız buraxılış imtahanları keçiriləcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gün respublikanın Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarındakı ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları keçirəcək.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirilmə şöbəsindən Trend-ə bildirilib ki, imtahanlarda 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət ala bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edəcəklər.

1,5 saat davam edəcək imtahanda şagirdlərə 50 sual təqdim ediləcək. İmtahan 2 fənn üzrə olacaq. İmtahanda şagirdlər riyaziyyatdan, Azərbaycan bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən imtahan verəcəklər.

Payız imtahanında qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar.

Payız imtahanlarının keçirilməsi sentyabrın 10-dək davam edəcək. İmtahanlar 7 bölgədə keçirilir.

Ümumilikdə payız imtahanlarında 9-cu sinfi hələ bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur.

Payız buraxılış imtahanlarının keçirilməsinə sentyabrın 2-dən başlanılıb.

Növbəti imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında sentyabrın 9-da, sentyabrın 10-da isə Bakı şəhərində keçiriləcək.

İşğal altında olan rayonların ərazilərində yerləşən ümumtəhsil məktəbləri üçün buraxılış imtahanı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş tarixlərdə keçirilir.

Təlim gürcü dilində olan məktəblərin IX (X) siniflərində payız buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.

Xəbər lenti

Xəbər lenti