...

Azərbaycanda hərbi xidmətə çağırış başlayanadək rezidenturaya qəbulun nəticələri açıqlanacaq

Cəmiyyət Materials 8 Sentyabr 2011 13:35 (UTC +04:00)
Azərbaycanda rezidenturaya sənəd qəbulu və qəbul imtahanının keçirilməsi oktyabrın 1-də hərbi xidmətə çağırış başlayanadək yekunlaşacaq.
Azərbaycanda hərbi xidmətə çağırış başlayanadək rezidenturaya qəbulun nəticələri açıqlanacaq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda rezidenturaya sənəd qəbulu və qəbul imtahanının keçirilməsi oktyabrın 1-də hərbi xidmətə çağırış başlayanadək yekunlaşacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, rezidenturaya qəbul imtahanları sentyabrın 24-25-də keçiriləcək. Oktyabrın 1-dək, yəni hərbi çağırış başlayanədək isə rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlanacaq.

"Həmin müddətədək rezidenturaya qəbul olunub-olunmayanların adları məlum olacaq. Qəbul olmayanlar hərbi xidmətə gedəcəklər", - Nağızadə əlavə edib.

O qeyd edib ki, rezidenturaya sənəd qəbulunun tarixi yaxın günlərdə elan ediləcək.

"Rezidentura" jurnalının yaxın günlərdə dərc olunacaq növbəti sayında rezidenturaya rezidenturaya qəbul elanı, qəbul aparılacaq ixtisasların siyahısı, qəbul şərtləri açıqlanacaq.

2011/2012-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən ali məktəblərin builki oğlan məzunları iyul ayı ərzində hərbi xidmətdən bir çağırış möhlət hüququ verilmişdi.

Prezident İlham Əliyevin imzaladığı fərmana görə, Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.

Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti