Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Azərbaycan ombudsmanının Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baxış keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar müəssisənin şöbələrinə baxış keçirib, palatalarda müalicə olunanlarla, o cümlədən məcburi müalicə edilənlərlə görüşüb, onların saxlanma şəraitini, müayinə və müalicə prosesini öyrəniblər. Buradakı şəxslərlə rəftar, onların müalicəsi, qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti araşdırılıb, müvafiq sənədlər yoxlanılıb.
Həmin şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan narazılıq etməyiblər.
Eyni zamanda, müasir standartlara cavab verən yeni Mərkəzin tikilməsi barədə məlumat verilib.
Qrupun üzvləri müəssisənin rəhbərliyi və tibb personalı ilə söhbət zamanı müalicə olunanların hüquqlarının təmini üzrə Avropa standartlarının öyrənilməsi və tətbiqini, sanitariya normalarına riayət olunmasını tövsiyə edib, həmin şəxslərin hüquqlarının müvafiq qanunvericilik üzrə müdafiəsinin zəruriliyini vurğulayıblar.
Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.