...

Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdiriblər

Cəmiyyət Materials 17 Sentyabr 2011 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bağçayaşlı uşaqlar və məktəblilər yol hərəkəti qaydaları ilə bağlı nəzəri və praktiki biliklərini nümayiş etdiriblər.

Trend-in məlumatına görə, "Diqqət, uşaqlar!" adı ilə sentyabrın 10-dan oktyabrın 10-dək keçirilən təhlükəsizlik aylığı çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhəri Təhsil İdarəsi və Nəsimi rayonu 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzi ilə birgə tədbir keçirilib.

46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzində keçirilən tədbirdə 96 saylı uşaq başçasının uşaqları, 151, 45, 47, 116 və 207 saylı orta məktəblərinin 4-7-ci sinif şagirdləri yol hərəkəti qaydaları ilə bağlı nəzəri və praktiki biliklərini nümayiş etdiriblər.

Uşaqlara ilk olaraq yol hərəkəti nişanları ilə bağlı geniş məlumat verilib.

Mərkəzin həyətindəki avtoşəhərcikdə isə uşaqlar velosiped və kiçik mühərrikli avtomobillərlə nümunəvi praktiki bilikərini nümayiş etdirən səhnəciklərlə çıxış ediblər.

Bu səhnəciklərdə azyaşlılar yol polisi, piyadaçı, sürücü, sərnişin qismində çıxış ediblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bu il ərzində qeydə alınan yol qəzaları, qəzalarda ölən və xəsarət alan uşaqlarla bağlı statistikanı açıqlayıb.

Bildirib ki, bu ilin 8 ayında yol qəzalarında 58 uşaq həlak olub, 174 nəfər yaralanıb.

Əsədovun sözlərinə görə, ötən ilin anoloji dövrü ilə müqayisədə ölüm halları stabil qalsa da, xəsarət halları 9 fakt artıb.

"Bu artım isə paytaxtda avtomobillərin sayının arması ilə əlaqədardır", - Əsədov deyib.

Bölmə rəisi cəmiyyətin hər bir üzvünün bu hallara biganə qalmamasını, ailədə və məktəblərdə uşaqlara yol hərəkəti qaydalarının düzgün təbliğ olunmasını tövsiyyə edib.

Daxili işlər nazirinin əmri ilə sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində təhlükəsizlik aylığı keçiriləcək. Aylığın keçirilməsində məqsəd küçə və yollarda məktəbyaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsidir.

Tədbirdə 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzinin kollektivi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin əlaqədar şöbələrinin rəhbərliyi iştirak edib.

Xəbər lenti

Xəbər lenti