...

Sövdələşmə haqqında istənilən fərziyyə cəfəngiyatdır - Beynəlxalq Həvəskar Boks Assosiasiyası

Cəmiyyət Materials 24 Sentyabr 2011 11:15 (UTC +04:00)
AIBA prezidenti Çinq-Kuo Vu BBC Newsnight-ın bəyanatının araşdırılması üçün assosiasiya tərəfindən xüsusi komitənin yaradıldığını elan edib.
Sövdələşmə haqqında istənilən fərziyyə cəfəngiyatdır - Beynəlxalq Həvəskar Boks Assosiasiyası

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Bədəlova/

İsveçrə şirkəti tərəfindən Azərbaycan yığmasının 2012-ci il London Olimpiadasında medallar əldə etməsi müqabilində Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AIBA) kreditin verilməsi barədə istənilən fərziyyə cəfəngiyatdır və qətiyyən həqiqətəuyğun deyil. Trend-in məlumatına görə, bu barədə AIBA-nın şənbə günü yaydığı rəsmi bəyanatında deyilir.

AIBA prezidenti Çinq-Kuo Vu BBC Newsnight-ın bəyanatının araşdırılması üçün assosiasiya tərəfindən xüsusi komitənin yaradıldığını elan edib.

AIBA-nın məlumatında deyildiyi kimi, assosiasiya hazırkı mərhələdə WSB-in (Ümumdünya Boks Seriyası) baş əməliyyatçısı İvan Xodabaxşın iki qızıl medal üçün pul ödəcəyi barədə vədinin həqiqət olması ilə bağlı hər hansı tutarlı sübut yoxdur.

"İvan Xodabaxş düzgün adamdır və AIBA ona etibar edir, onun işinə hörmət edir. Cənab Xodabaxş AIBA-nın araşdırma üzrə xüsusi komitəsi ilə tam şəkildə əməkdaşlıq edəcəyini təşkilata təsdiqləyib", - bəyanatda deyilir.

Xodabaxşın bəyan etdiyi kimi, WSB-yə və onun özünə qarşı irəli sürülən ittiham tamamilə əsassız və yalandır.

"Məndən heç vaxt qanunsuz nəsə etmək xahiş olunmayıb və mən heç vaxt WSB-də öz öhdəliklərimi yerinə yetirərkən heç bir qanunazidd və qeyri-etik addım atmamışam. Mən öz işimlə ona görə fəxr edirəm ki, boksda şəffaflıq və düzgünlüyü bu qədər yüksək səviyyəyə çatdıran və korrupsiyaya sıfır dərəcədə dözüm nümayiş etdirən təşkilat üçün çalışıram", - Xodabaxş deyib.

Ümumdünya Boks Seriyasında 3 qitə, 12 komanda, 180 boksçu iştirak edir və WSB-nin şəxsi birinciliyi finalında 2012-ci il London Olimpiyadasına ilk beş vəsiqə qazanılıb.

WSB Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və 196 boks federasiyasının daxil olduğu AIBA tərəfindən idarə olunur.

Xəbər lenti

Xəbər lenti