...

Prokuror 2 aprel məhbuslarına cəza istəyib

Cəmiyyət Materials 26 Sentyabr 2011 16:30 (UTC +04:00)
Bu gün Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin barəsində Cinayət Məcəlləsinın 233-cü maddəsi ilə başlanılan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
Prokuror 2 aprel məhbuslarına cəza istəyib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu gün Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı və Məhəmməd Məcidlinin barəsində Cinayət Məcəlləsinın 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə başlanılan cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Trend-in məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxslər ifadə verərək aksiya zamanı paytaxt sakinlərinin istirahət hüququnu pozmadıqlarını və nəqliyyatın hərəkətini məhdudlaşdırmadığını deyiblər.

Dövlət ittihamçısı təqsirləndirilənlərin diqqətinə çatdırıb ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsinə əsasən, sərbəst toplaşmaq azadlığı ictimai təhlükəsizlik mənafeləri üçün, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün xəbərdar etmək formasında məhdudlaşdırıla bilər.

Onlara toplaşmaq azadlığı adı ilə şəhərin mərkəzində nəqliyyatın normal hərəkətinə mane olmağın, digər insanların həyat tərzini və istirahətini pozmağın qanunsuz olduğu izah olunub.

Dövlət ittihamçısı bildirib ki, Avstriyaya qarşı bir işdə Avropa Məhkəməsinin qərarında deyilir ki, nəqliyyatın normal hərəkəti ilə bağlı toplantının qadağan edilməsi Avropa Konvensiyasının 11-ci maddəsini pozmadığından əsaslı sayıla bilər.

Məhkəmə istintaqı zamanı qeyd olunub ki, xəbərdarlıq proseduru müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplantının yeri və vaxtının, küçə yürüşünün marşrutunun razılaşdırılması üçün edilir.

İsveçreyə qarşı iş üzrə qərarda Avropa Məhkəməsi bildirib ki, toplaşmaq azadlığı ilə bağlı razılaşdırma prosedurunun olması bu hüququn pozulması demək deyil, vaxt, yer və nəqliyyatın idarə edilməsi üçün dövlət orqanları ilə məsləhətləşmələrin aparılması zəruridir.

Təqsirləndirilən şəxslər dinc toplaşmaq azadlığını həyata keçirdiklərinə görə təqib olunduqlarını bildiriblər.

Prokuror bildirib ki, yığıncağın keçirilmə yerinin məhdudlaşdırılması dövlətin dinc toplaşmaq azadlığını pozması demək deyil.

"Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi qeyd edib ki, təşkilatçılar zorakılıq niyyətində olmadıqlarını bildirsələr belə, dövlətin dinc toplaşmaq azadlığını Avropa Konvensiyasının 11-ci maddəsinin 2-ci hissəsi ilə əsaslandırmaqla məhdudlaşdırması bu maddənin pozulması sayılmır", - prokuror deyib.

Məhkəmədə həmin şəxslərin hərəkətlərinin dinc toplantı olması təkzib olunub, nəticədə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına xəsarət yetirilməsi, nəqliyyatın normal fəaliyyətinin pozulması, vətəndaşların istirahət hüquqları, ticarət və iaşə obyektlərinin iş fəaliyyətinin pozulması və onlara küllü miqdar zərər vurulması sübuta yetirilib.

Məlum olub ki, 2 aprel aksiyası ilə bağlı rəsmi yazılı xəbərdarlıq göndərilməyib, mitinqlə bağlı müraciətə cavab verilsə də 2 gün müddətində baxılan həmin cavabdan şikayət verilməyib.

Sonda prokuror Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin 3 il müddətinə, Fuad Qəhrəmanlının isə himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib.

Məhkəmə müdafiə tərəfinə çıxış üçün vaxt verib və iclas sentyabrın 28-dək təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti