...

Mülkiyyətin özgəninkiləşdirilməsi zamanı yaranan mübahisələr məhkəmə yolu ilə həll olunmalıdır - millət vəkili

Cəmiyyət Materials 27 Sentyabr 2011 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət və ictimai maraqlar naminə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı yaranan narazılıqlar məhkəmə yolu ilə həll olunmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Hüseynlinin sözlərinə görə, dünyanın bütün ölkələrində dövlət və ictimai maraq naminə mülkiyyət özgəninkiləşdirilir və bu zaman müəyyən narazılıqlar, mübahisələr yaranır.

Narazılıq və mübahisələrin həlli məqsədilə dövlətdə müəyyən bir prosedurun olmasını vacib sayan Komitə sədri bildirib ki, bu prosedurdan narazı qalan vətəndaş məhkəməyə müraciət etməklə pozulmuş hüquqlarını müdafiə edə bilər.

"Azərbaycan dövləti də inzibati məhkəmə sistemini formalaşdırmaqla, belə mübahisələrlə bağlı işlərə qısa zaman çərçivəsində, operativ şəkildə baxan bir məhkəmə sistemi qurur. Vətəndaşın mülkiyyət hüququnun pozulması ilə bağlı narazılığı varsa, məhkəməyə müraciət etməlidir", - Hüseynli vurğulayıb.

O, bəzi beynəlxalq təşkilatların Azərbaycanda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə hesabat və rəylərini əsassız sayır.

Xəbər lenti

Xəbər lenti