Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva
Azərbaycanın bütün orta məktəblərində 10-11-ci siniflər təmayüllər üzrə təşkil olunacaq. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Onun sözlərinə görə, tam orta təhsil səviyyəsində təhsili təmayüllər üzrə təşkil etmək məqsədilə artıq hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə 2011-2012-ci tədris ili üçün Bakı şəhərində 5 pilot müəssisə seçilib və həmin müəssisələrdə artıq yeniliyin tətbiqinə start verilib.
Bununla əlaqədar nazirlik 4 istiqamət üzrə tədris planı təsdiqləyib, tədris olunan təmayül fənlər üzrə proqramlar hazırlayıb. Pilot müəssisələrdə təmayül siniflərdə təhsil alacaq uşaqların seçimi aparılıb. Həmin siniflər şagirdlərin meyil-marağı nəzərə alınmaqla, seçim əsasında komplektləşdirilib.
"Orta məktəblərdə kurrikulum, yəni yeni məzmun əsasında tədrisə 2008-2009-cu tədris ilindən başlanılıb. Həmin uşaqlar gələn il 5-ci sinifdə olacaqlar. Onlar 9-cu sinfi bitirdikdən sonra bu yenilik bütün ölkədə tətbiq olunacaq. Artıq kurrikulum əsasında təhsil alanların ilk buraxılışı olduqdan sonra respublikanın bütün orta məktəblərində 10-11-ci siniflər təmayüllü olacaq", - Əhmədov qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu yenilik tətbiq edildikdən sonra icbari təhsil səviyyəsini bitirən şagirdlərin hamısı tam orta təhsil səviyyəsinə qəbul olunmayacaq. Məktəblərdə 9-cu sinfi bitirən şagirdlər arasında seçim aparılacaq. Onların arasından yaxşı oxuyan, gələcəkdə ali məktəbdə təhsil almaq potensialı olan şagirdlər 10-cu sinfə qəbul olunacaqlar. Qalan şagirdlər isə təhsillərini texniki peşə məktəbləri və ya orta ixtisas təhsili müəssisələrində davam etdirə bilərlər.
"Oxumağa həvəsi olan uşaqlar oxumalıdırlar. Vacib deyil ki, hər kəs ali təhsil alsın. Bizə ali təhsilli gənclərlə yanaşı, kiçik xidmət sahələrində, ümumiyyətlə müxtəlif sferalarda çalışan mütəxəssislər də lazımdır", - Əhmədov bildirib.
O qeyd edib ki, məktəblərdə təmayüllü siniflərin istiqamətləri şagirdlərin elmə olan marağı əsasında müəyyənləşəcək.
Təmayüllü siniflər təşkil edildikdən sonra hazırda fəaliyyət göstərən lisey və gimnaziyaların fəaliyyəti ilə bağlı hər hansı dəyişikliyin edilib-edilməyəcəyinə gəldikdə, Əhmədov deyib ki, həmin müəssisələrin verdikləri təhsilin məzmununda müəyyən təkmilləşdirmələr aparıla bilər.
Nazirlik səlahiyyətlisinin sözlərinə görə, gələn il təmayüllü siniflərin yaradılacağı pilot müəssisələrinin sayının artırılacağı, eyni zamanda pilot məktəblərin həm Bakı, həm də rayonlardan seçilməsi nəzərdə tutulur. Nazirlik eksperimentin miqyasını sonrakı illərdə də genişləndirilməyi nəzərdə tutur.
Təhsili təmayüllər üzrə təşkil etmək məqsədilə Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli məktəb-lisey pilot müəssisələr seçilib.