Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın ideya müəllifi olduğu "International Dialogue for Environment Action" (IDEA) təşəbbüsü çərçivəsində hal-hazırda bəşəriyyəti ciddi narahat edən, gələcək nəsillər üçün ciddi təhdid mənbəyinə çevrilən və öz təxirəsalınmaz həllini gözləyən ətraf mühitin problemlərinə ictimaiyyətin diqqətini artırmaq üçün 2011-ci ilin noyabr ayı "Ətraf mühitimizi qoruyaq" şüarı ilə "Ekologiya ayı" elan edilib. Bu barədə cümə günü Trend-ə IDEA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, iqtisadi münasibətlərin sürətli inkişafı fonunda qloballaşan dünya insanların rifah halının yaxşılaşması ilə bərabər, insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri ekoloji problemlərlə üzləşib. Yerləşdiyi coğrafi məkandan asılı olmayaq, problemin qlobal xarakter daşıması hər bir fərdin şüurlu yanaşmasını və öz gündəlik fəaliyyətində dəyişiklik etməsini zəruri edir.
Bu məqsədlə Azərbaycanın müxtəlif bölgə və rayonlarında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Ay ərzində ali təhsil ocaqlarında "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyi ilə birgə "yaşıllıq həftəlikləri"nin keçirilməsi planlaşdırılır.
Orta məktəblərdə isə ətraf mühitin qorunması ilə bağlı maarifləndirici müzakirələr aparılacaq. Layihə çərçivəsində xeyriyyə xarakterli futbol oyunu da keçiriləcək.
Azərbaycanın yüksək dağ zirvələrindən birinə təşkil ediləcək gənclərdən ibarət beynəlxalq alpinist qrupun ekspedisiyası ətraf mühitin qorunmasına həsr olunmuş təmizlik işləri ilə məşğul olacaq.
Təşəbbüs çərcivəsində noyabrın 24-27-də Qəbələdə BMT və Avropa Şurası ilə birgə beynəlxalq gənc ekoloqlar düşərgəsinin keçirilməsi də nəzərdə tutulur.
"Ətraf mühitimizi qoruyaq" şüarı ilə "Ekologiya ayı" keçiriləcək
IDEA ətraf mühit kampaniyası noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə keçirəcək