Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/
İslam Alimləri Beynəlxalq Birliyinin rəhbəri Yusuf Qərdavi misirliləri ölkədə hakimiyyətin təhvil verilməsi barədə tələblərini prezident seçkilərinədək təxirə salmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Misirin "Müsəlman qardaşlar" təşkilatının rəsmi saytında məlumat verilib.
Qərdavi hesab edir ki, ölkədəki həyatın hazırkı dövrü keçid dövrüdür, o, sabitliyin bərqərar olması üçün lazımdır. Onun ardınca əsas dövr, yəni prezident seçkiləri dövrü başlayacaq, o zaman xalq öz tələblərini səsləndirməlidir.
Misirdə hakimiyyət dəyişikliyinə baxmayaraq, etirazlar hələ də davam edir. Hər cümə günü nümayişçilər Qahirənin mərkəzi Təhrir meydanına toplaşır və fövqəladə vəziyyətin dərhal ləğv edilməsini, seçkilər haqqında qanunun dəyişdirilməsini, hakimiyyətin hərbçilərdən mülki rəhbərliyə verilməsinin dəqiq qrafikinin müəyyən edilməsini tələb edirlər.
Etiraz aksiyalarının iştirakçıları məhkəmələrin müstəqilliyi və KİV azadlığı, hakimiyyətdə və digər dövlət strukturlarında təmizləmələrin aparılmasını da tələb edirlər.
Bir az əvvəl Misirdə hakim Silahlı Qüvvələr Ali Şurası nümayişlərin təhlükəsizliyi və dinc xarakter daşıması üçün bütün məsuliyyəti onların təşkilatçılarının üzərinə qoyub. Hərbçilər həmçinin xəbərdarlıq ediblər ki, polisə və hərbi qulluqçulara, eləcə də dövlət obyeketlərinə qarşı istənilən təcavüzkar hərəkətin qarşısı ən sərt şəkildə alınacaq.