...

Azərbaycan yol polisi sürücülərə müraciət edib

Cəmiyyət Materials 11 Oktyabr 2011 12:27 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi zamanı yaranmış problemlərlə bağlı dərhal İdarəyə müraciət edilməsini məsləhət görürür.
Azərbaycan yol polisi sürücülərə müraciət edib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi zamanı yaranmış problemlərlə bağlı dərhal İdarəyə müraciət edilməsini məsləhət görür.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, cərimələrin ödənilməsi ilə bağlı elektron sistemə yeni keçidlə əlaqədar olaraq cərimələrin ödənişi zamanı müəyyən problemlərin olması təbiidir.

"Sürücülər cərimələrin ödənilməsi zamanı hər hansı problemlə üzləşdikləri halda Respublika Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Bu halların hər biri yoxlanılacaq. Problemin İdarə və bank tərəfindən yaranması müəyyən olunarsa, sürücünün cəriməni ödəmək istədiyi müddət nəzərə alınacaq və cərimənin vaxtından əvvəl ödənilməsi zamanı nəzərdə tutulan 10 fazilik güzəşt tətbiq olunacaq", - Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, yeni sistemdə hər hansı bir hərfin düzgün yazılmaması problem yaradır. Həmçinin inspektorun sürücü və pozuntu barəsində məlumat bazasına lazımi məlumatı vaxtında yerləşdirməməsi də gecikmələrə səbəb olur.

"Biz bu sistemə yeni keçmişik və keçid dövründə belə halların olması mümkündür. Bu sahədə iş getdikcə təkmilləşəcək. İlk dövrlərdə belə problemlər daha çox idi. İndi nisbətən azalıb", - Əliyev qeyd edib.

Qeyd edək ki, oxuculardan biri müraciət edərək oktyabrın 5-də ona inzibati protokol yazıldığını və cəriməni ödəmək üçün banka müraciət etdikdə adının məlumat sisteminə yerləşdirilmədiyi müəyyən olunub. İdarəyə müraciət etdikdə isə, onun yol verdiyi son pozuntu barədə məlumatların sistemə daxil edildiyini bildiriblər. Təkrarən banka müraciət edən sürücü adı sistemə daxil edilmədiyindən 15 manat məbləğində cəriməni indiyədək ödəyə bilməyib.

Bu il iyulun 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra yol hərəkət qaydalarının pozuntusuna görə nəzərdə tutulan cərimələrin ödənişi elektron sistemlə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti