...

Naxçıvanda dini mərasimləri aparacaq ruhanilərin fəaliyyəti rəsmiləşdirilib

Cəmiyyət Materials 19 Oktyabr 2011 16:07 (UTC +04:00)
Naxçıvanda dini mərasimləri aparacaq 24 ruhaninin fəaliyyəti rəsmiləşdirilib.
Naxçıvanda dini mərasimləri aparacaq ruhanilərin fəaliyyəti rəsmiləşdirilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Naxçıvanda dini mərasimləri aparacaq 24 ruhaninin fəaliyyəti rəsmiləşdirilib.

Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə çərşənbə günü Trend-ə bildirib ki, Naxçıvan MR-də attestasiyadan keçən 24 ruhaniyə vəsiqələr təqdim olunub.

Onun sözlərinə görə, Naxçıvanda 77 nəfər ruhaninin attestasiyadan keçirilməsi nəzərdə tutulsa da, onlardan 30-u attestasiyada iştirak edib.

Attestasiyadan keçirilən ruhanilərdən altısının bilikləri qeyri-məqbul qiymətləndirilib və onlara 3 aydan 6 ayadək hazırlaşmaq üçün əlavə vaxt verilib. Bu müddət başa çatandan sonra onlar təkrar attestasiyadan keçiriləcəklər.

Attestasiyadan keçən 11 nəfərə imam, 13 nəfərə dini ayinlərin icraçısı vəsiqəsi təqdim olunub.

Üzrlü səbəblərdən attestasiyada iştirak etməyən ruhanilər üçün yenidən attestasiya keçiriləcək.

Attestasiyanın 3 kateqoriya üzrə (molla, axund və imam) aparıldığını deyən Seyidzadə bildirib ki, ruhanilərin "Quran"ı bilmələri mütləqdir.

Mollalar cənazə namazını, dəfn mərasimlərinin qaydalarını, axundlar və imamlar isə nikah, talaq (boşanma) mərasimlərini, irsi bölgülərin aparılması qaydalarını, ailədəki problemlərin şəriət qaydaları ilə həllini bilməlidirlər.

Seyidzadə bildirib ki, Həcc ziyarətindən sonra Salyan, Neftçala və Sabirabad ruhanilərinin attestasiyası aparılacaq.

Bundan əvvəl Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik və Lənkəranda ruhanilər attestasiyadan keçirilib.

Şöbə müdirinin sözlərinə görə, attestasiyadan keçməyən ruhanilər dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati qaydada cəzalandırılacaqlar.

"Attestasiyadan keçən ruhanilərin siyahısı rayon icra hakimiyyətlərinə təqdim ediləcək. Attestasiyadan keçməyənlər dini mərasimlərdə iştirak edə bilməzlər. Belə faktlar aşkarlanarsa, onlar barəsində inzibati cəza tədbirləri görüləcək", - Seyidzadə deyib.

QMİ rəsmisi bildirib ki, attestasiyanın aparılmasında əsas məqsəd Bakı İslam Universitetinin məzunlarını bu sahəyə cəlb etməkdir. Çünki onlar bu prosedurların aparılmasında təcrübəyə və təhsilə sahibdirlər.

Xəbər lenti

Xəbər lenti