Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial infrastrukturun əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olması: mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib. Trend-in məlumatına görə, seminarda aidiyyəti nazirliklərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, müstəqil Azərbaycanda əlilliyə münasibət dövlət əhəmiyyətli məsələ olaraq, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, sosial siyasətin də formalaşdırılması, bu istiqamətdə qanun və qərarların qəbul edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan dövləti bu gün fiziki, yaxud əqli cəhətdən qüsurlu olan vətəndaşlarını tam şəkildə sosial qayğı ilə əhatə edir, bu kateqoriyadan olan insanların rahat yaşayışını təmin etmək üçün bütün lazımı tədbirləri həyata keçirir.
Əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərdə müsbət nəticələrin əldə olunmasının bir çox hökumət və qeyri-hökumət təşkilatlarının, əlaqədar nazirliklərin birgə fəaliyyətindən çox asılı olduğunu qeyd edən nazir müavini Natiq Məmmədov bildirib ki, əlilliyin qarşısının alınması, əlil şəxslərin reabilitasiyası sahəsində işin düzgün təşkili üçün dünya ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla lazımi işin aparılması vacib məsələlərdəndir. Bu məqsədlə 2011-ci il iyun ayının 17-də nazirliyin, qeyri-hökumət təşkilatlarının, Tibbi-sosial ekspert komissiyalarının, Əlillərin regional bərpa mərkəzlərinin nümayəndələrindən ibarət "Respublikada Əlillərin bərpa mərkəzləri: mövcud vəziyyət və yeni tibbi-sosial reabilitasiya istiqamətləri" mövzusunda seminar keçirilib.
Seminarda respublikada əlillərin bərpa mərkəzlərinin mövcud problemləri, onların həlli yolları, əlilliyi olan şəxslərin sosial statusunun bərpa olunması, onların sosial adaptasiyası və cəmiyyətə inteqrasiya olunması məqsədilə yeni tibbi, psixoloji, pedaqoji, peşəyönümlü və sosial reabilitasiya tədbirləri müzakirə olunub.
Bundan başqa, cari il iyulun 8-də "Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Milli Məclisinin deputatının, Fransa Respublikasının ölkəmizdəki səfirinin, beynəlxalq ekspertlərin, Avropa Şurasının, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə dünya miqyasında və respublikada əlilliyə təsir edən amillər və əlilliyi doğuran səbəblər təhlil edilib, bu sahədə digər inkişaf etmiş ölkələrin təcrübələri dinlənilib. Bu təcrübələrdən maksimum dərəcədə yararlanmaq, onların tətbiqi işlərini inkişaf etdirmək və lazımi nəticələlərin əldə olunması üçün növbəti belə seminarın keçirilməsinə zərurət yaranıb.
Nazir müavini Natiq Məmmədov seminar iştirakçılarına sosial infrastrukturun əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olması istiqamətində gördükləri işlərdə uğurlar arzulayıb.
Seminarda mövzu ilə bağlı geniş təhlillər aparılıb və əlilliyi olan insanların mövcud infrastrukturdan maneəsiz istifadəsi, həmçinin yeni qurulacaq infrastrukturun bu kateqoriyalardan olan insanlara uyğunlaşdırılması barədə təkliflər verilib.
Azərbaycanda əlilliyi doğuran səbəblərin real təhlili, ilkin əlilliyin təhqiqatı, proqnozlaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar və QHT-lərin mütəxəssislərindən ibarət komissiya yaradılıb. Komissiya hazırda işini davam etdirir və qarşıdakı günlərdə qeyd olunan sahə ilə bağlı öz təkliflərini verəcək.