Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda həkim xəstədən rüşvət istədiyinə görə həbs edilib.
Baş Prokurorluqdan çərşənbə axşamı Trend-ə bildiriblər ki, vətəndaş Hüseynov Aydın Zəkər oğlunun Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Belə ki, Aydın Hüseynov "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assisenti İsmayılov Mahmud Uğurlu oğlunun ondan rüşvət istəməsi barədə məlumat verib.
Müəyyən edilib ki, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində oktyabrın 7-də qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəyib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Törətdiyi cinayət əməlinə görə Mahmud İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq: Azərbaycanda həkim xəstədən rüşvət istədiyinə görə həbs edilib
Azərbaycanda həkim xəstədən rüşvət istədiyinə görə həbs edilib.