...

Gürcüstanda qaçqın və məcburi köçkün uşaqların rəsm sərgisi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2011 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qaçqın və məcburi köçkün uşaqların Gürcüstanın Tbilisi şəhərində rəsm sərgisi təşkil olunub.

Sərgi Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkünlük problemini təbliğ etmək, həmçinin işğal altında olan torpaqlarımızı unutdurmamaqdır.

Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Əliyeva və başqaları çıxış edərək sərgidə 60 azərbaycanlı və 60 gürcü qaçqın və köçkün uşaqların rəsm əsərlərinin nümayiş olunduğunu nəzərə çatdırıblar.

Tədbirdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.

Sərgiyə təqdim edilən 350 rəsm əsərindən 120-si münsiflər heyəti tərəfindən bəyənilib və Tbilisidəki rəsm qalereyasında təşkil edilən sərgiyə təqdim olunub. Sərgidə qalib gələn gənc məktəbli rəssamlara diplom və mükafatlar verilib.

Qənirə Paşayeva və Sədaqət Qəhrəmanova I, II, III yerə layiq görülən gənc rəssamlara diplom və mükafatlar təqdim ediblər.

Tədbirdə Ağdamın Bakıda fəaliyyət göstərən 35 saylı məktəbinin gənc rəssamı Pərviz Şükürlü I yerə, 149 saylı məktəbin şagirdlərindən Mədinə Cəfərova II yerə və Murad Quliyev III yerə layiq görülüblər.

Gürcü məktəbli gənc rəssamlara da həvəsləndirici mükafatlar verilib.

Sədaqət Qəhrəmanova Yelena Axvlediani adına Uşaq Rəsm Qalereyasının direktoru Liya Qorqadzeyə "Qız Qalası" xalçasını və sərgidə qalib gələn gənc azərbaycanlı rəssamlar isə hər üç gənc rəssamın birlikdə çəkdikləri "Azərbaycan" adlı rəsm əsərini bağışlayıblar.

Xəbər lenti

Xəbər lenti