...

Azərbaycanda son 20 ilin ən soyuq oktyabr havası müşahidə edilir

Cəmiyyət Materials 27 Oktyabr 2011 13:42 (UTC +04:00)
Hazırda ölkə ərazisində müşahidə edilən soyuq hava şəraiti oktyabr ayı üçün səciyyəvi deyil və anomal hesab edilir. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Azərbaycanda son 20 ilin ən soyuq oktyabr havası müşahidə edilir

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Hazırda ölkə ərazisində müşahidə edilən soyuq hava şəraiti oktyabr ayı üçün səciyyəvi deyil və anomal hesab edilir. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Tağıyeva bildirib ki, son 15-20 il ərzində oktyabr ayı nisbətən mülayim keçib.

Onun sözlərinə görə, hazırda müşahidə edilən hava şəraiti daha çox noyabr ayının ortaları üçün səciyyəvidir. Çoxillik meteoroloji müşahidələrə görə, respublikada belə anomal soyuq hava şəraiti sonuncu dəfə 20 il əvvəl - 1992-ci ilin oktyabrında müşahidə edilib.

Büro direktoru qeyd edib ki, oktyabrın 25-i axşam ölkə ərazisinə şimaldan soyuq atmosfer kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu çoxillik normadan 4 dərəcəyədək aşağıdır. Dünən maksimal temperatur Bakı və Abşeron yarımadasında 9-11 dərəcə təşkil edib. Son iki gün ərzində Bakıya düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normaya bərabərdir.

Onun sözlərinə görə, belə intensiv yağıntılar yalnız Bakı və Abşeron yarımadasında qeydə alınmayıb. Ən güclü yağıntılar Lənkəran-Astara bölgəsində düşüb. Orada oktyabrın 26-da 72 mm yağıntı qeydə alınıb. Həmin zonada intensiv yağıntılar bu gün də davam edir.

"İntensiv yağıntılar respublikanın əksər rayonlarında müşahidə edilib. Nisbətən mülayim yağıntılar bəzi Mərkəzi Aran rayonlarında olub. Respublikanın dağlıq ərazilərində düşən yağıntı qar şəklində olub və qar örtüyü əmələ gəlib", - Tağıyeva əlavə edib.

O bildirib ki, oktyabrın 26-da Qafqazın yüksək dağlıq ərazilərində havanın temperaturu 8 dərəcədən 13 dərəcəyədək şaxta təşkil edib. Böyük Qafqazın Tufandağ zirvəsində oktyabrın 26-da havanın temperaturu 13,6 dərəcə, Şahdüzündə 6,2 dərəcə şaxta olub.

Tağıyeva deyib ki, yaxın günlər ərzində ötən günlərdə olduğu kimi, intensiv yağıntılar gözlənilmir. Bu həftənin sonunadək əsasən, səhər və axşam saatlarında respublikanın rayonlarında yağmurlu hava davam edəcək. Yalnız Lənkəran-Astara bölgəsində oktyabrın 28-də intensiv yağıntı davam edəcək.

Xəbər lenti

Xəbər lenti