...

Bu gündən Azərbaycanda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 9 Noyabr 2011 12:11 (UTC +04:00)
Bu gündən başlayaraq ölkə ərazisində temperatur rejimində 3-4 dərəcə yüksəlmə müşahidə olunacaq.
Bu gündən Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən başlayaraq ölkə ərazisində temperatur rejimində 3-4 dərəcə yüksəlmə müşahidə olunacaq.

Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, havanın temperaturu bu gün gündüz saatlarında Bakı və Abşeron yarımadasında 6-9 dərəcə isti olduğu halda, noyabrın 10-11-də temperatur 9-13 dərəcəyə yüksələcək. Yaxın günlər ərzində Aran rayonlarında 8-13 dəcəcə isti, dağlıq rayonlarda isə 0-5 dərəcə isti gözlənilir. Noyabrın 11-i axşamadək respublika ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Verdiyev bildirib ki, Bakı və Abşeron yarımadasında hazırda qeydə alınan temperatur iqlim normasından aşağıdır. Ötən sutka ərzində Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 4-6 dərəcə, Aran rayonlarında 3-6 dərəcə, Naxçıvan Muxtar Respublikasında 5-9 dərəcə isti təşkil edib. Dağlıq rayonlarda isə 3-8 dərəcə şaxta qeydə alınıb.

Verdiyev deyib ki, noyabrın 7-8-də Bakı və Abşeron yarımadasında havanın temperaturunun birdən-birə aşağı düşməsi anomal hesab edilir. Noyabrın 6-dan başlayaraq, 7-8-də havanın kəskin soyuqlaşması Arktik hava kütlələrinin ölkə ərazisinə daxil olmasının nəticəsidir.

Baş hidroloqun sözlərinə görə, əvvəlki illərdə bu ildəkindən də soyuq noyabr ayı müşahidə edilib.

Xəbər lenti

Xəbər lenti