...

Azərbaycan deputatları Türkiyə türkcəsinin ümumi dil kimi qəbul olunmasına tərəfdardırlar (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2011 15:55 (UTC +04:00)
Türkiyə türkcəsi türk dünyası üçün ortaq dil kimi qəbul oluna bilər.
Azərbaycan deputatları Türkiyə türkcəsinin ümumi dil kimi qəbul olunmasına tərəfdardırlar (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Türkiyə türkcəsi türk dünyası üçün ortaq dil kimi qəbul oluna bilər. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov "Türk dünyasının mədəni inteqrasiyası: Ortaq türk əlifbası və ortaq türk ədəbi dili" mövzusunda keçirilən konfransda bildirib.

"Türkiyə türkcəsi artıq ortaqlıq funksiyasını yerinə yetirir. 100 milyondan artıq insan Türkiyə türkcəsindən istifadə edir", - Cəfərov deyib.

O bildirib ki, ortaq dilin mövcud olması hər hansı bir türkdilli xalqın dilinin zənginliyini itirməsi anlamına gəlmir.

"Söhbət ortaq ünsiyyət vasitəsindən gedir ki, hər bir türk xalqı üçüncü əcnəbi dildə deyil, ortaq türk dilində danışsın", - deputat əlavə edib.

O qeyd edib ki, uzun illər türk xalqlarının qurultaylarında ortaq türk dili məsələsi qaldırılıb.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç konfransda bildirib ki, türk dünyası günü-gündən güclənir, türk birliyi möhkəmlənir.

"Türk dünyası birliyi hər hansısa hərbi əməkdaşlıq üçün, kiməsə qarşı istifadə etmək üçün deyil, bölgədə əmin-amanlıq yaratmaq üçün yaranıb", - o deyib.

Səfir türkdilli ölkələrin ortaq konfranslarının keçirilməsinin, qadın jurnalistlər birliklərinin yaradılmasının vacibliyini vurğulayıb.

Konfransda millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, Azərbaycan Türkiyədə olan əlifbaya tədricən keçid etməlidir.

"Biz daha geniş məkana daxil olma yollarını düşünməliyik. 9 milyonluq Azərbaycan xalqının 80 milyonluq Türkiyə xalqına nisbətən mütaliə etmək imkanları daha da məhduddur", -
Qəzənfəroğlu bildirib.

O qeyd edib ki, bu, siyasətdə də bu iki ölkəyə dividentlər verəcək.

Millət vəkili Sevinc Hüseynova tədbirdə bildirib ki, türk xalqları üçün ortaq dilin və ortaq əlifbanın yaradılması artıq tarixin zərurətinə çevrilib.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova konfransda qeyd edib ki, bu kimi tədbirlər uzun müddətdir müzakirə olunan ortaq türk dili ilə bağlı yeni fikirlərin ortaya çıxmasına səbəb olacaq.

Konfrans Azərbaycanda Atatürk Mərkəzi və Türk Ocaqlarının Bakı Təmsilçiliyinin mənəvi, Trend İnformasiya Agentliyi və www.day.az saytının informasiya dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti