...

Azərbaycanda ev şəraitində hazırlanan qidaların satışı ilə bağlı cərimənin məbləğinin artırılması təklif edilir

Cəmiyyət Materials 10 Noyabr 2011 16:29 (UTC +04:00)
Səhiyyə Nazirliyi ev şəraitində hazırlanan qidaları satışa çıxaran fiziki şəxslər üçün müəyyən edilmiş cərimənin məbləğinin artırılmasına ciddi ehtiyac görür.
Azərbaycanda ev şəraitində hazırlanan qidaların satışı ilə bağlı cərimənin məbləğinin artırılması təklif edilir

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi ev şəraitində hazırlanan qidaları satışa çıxaran fiziki şəxslər üçün müəyyən edilmiş cərimənin məbləğinin artırılmasına ciddi ehtiyac görür.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev cümə axçamı Trend-ə bildirib ki, hazırda ev şəraitində hazırlanan qidaları satışa çıxaran fiziki şəxslər 50 manatdan 200 manatadək cərimələnirlər. Amma bu məbləği yüksək saymayan Mərkəz rəsmisinin sözlərinə görə, cərimənin məbləği elə olmalıdır ki, həmin şəxslər bu işi görməkdən çəkinsinlər.

Abdullayev deyib ki, hələ sovet vaxtında kafe və restoranlarda ev şəraitində hazırlanmış qidalardan istifadə edilməyə icazə verilmirdi.

"Çünki kafe və restoranlar ictimai iaşə obyektləridir və yeməklər də orada hazırlanmalıdır. Evdə bişirilən yeməyi kafedə satmaq olmaz. "İctimai iaşə müəssisələri haqqında sanitariya qaydaları"nda da konkret göstərilib ki, ev şəraitində, mənbəyi bilinməyən şəraitdə hazırlanmış yeməkləri satmaq olmaz", - Abdullayev deyib.

O əlavə edib ki, Azərbaycandakı kafe və restoranlarda da ev şəraitində hazırlanmış qidalardan istifadə edilmə halları olur. Restoranlarda keçirilən toylara bəzi hallarda mənbəyi bilinməyən şəraitdə hazırlanmış və ya satılmış tortlar gətirilir.

"Əlbəttə ki, bu halda onların satış sənədləri olmalıdır və onun hansı şəraitdə hazırlandığı göstərilməlidir. Biz həmin malları sıradan çıxarırıq, bu hallara yol verən şəxsləri cərimələyərik", - Abdullayev əlavə edib.

Qırğızıstanın Səhiyyə Nazirliyi kafe və restoranlarda ev şəraitində hazırlanan qidaların istifadəsinə qadağa qoymaq məsələsini qaldırıb. Bunun əsas səbəbi isə iaşə obyektlərində ev şəraitində hazırlanan qidalardan baş vermiş zəhərlənmə hallarının qarşısını almaqdır.

Xəbər lenti

Xəbər lenti