...

Azərbaycanda xərçəng xəstəliyi durmadan artır

Cəmiyyət Materials 14 Noyabr 2011 14:30 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov salyaridən (ultrabənövşəyi şüalar vasitəsilə dərinin qaraldılması) istifadə edən azərbaycanlı xanımları bu proseduru həyata keçirməməyə çağırıb.
Azərbaycanda xərçəng xəstəliyi durmadan artır

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov ölkədə xərçəng xəstəliyinin sayının hər il artdığını deyib.

"Son illər ərzində Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə edilir. Hər il ölkədə orta hesabla 1100-1200 nəfərə ilk onkoloji diaqnoz qoyulur. Xəstələrin sayında hər il 50-60 nəfər artım qeydə alınır" bunu bazar ertəsi Trend-ə açıqlamasında Qasımov deyib.

Qasımov bildirib ki, bədənlərini qaraltmaq istəyən xanımlar salyaridən istifadə etməmişdən əvvəl mütləq bır sıra müayinələrdən keçməlidirlər. Bu müayinələr nəticəsində qadında xərçəngyönümlü vəziyyət aşkarlanarsa, onda salyaridən istifadə onun sağlamlığına daha pis təsir göstərəcək. Bunun nəticəsində dəri xərçəngi, yəni melanoma, dəri şişləri yarana bilər.

Müayinələr zamanı xərçəngyönümlü vəziyyət aşkarlanmasa belə, orqanizmdə bir sıra narahatlıqların yaranması mümkündür. Qasımov bu səbəbdən qadınların dəb xatirinə salyaridən istifadə etməsinin yolverilməz olduğunu deyib.

Baş həkim bildirib ki, onkoloji xəstəliyi erkən aşkar etmək üçün dünyada qəbul olunmuş testlər var. O, 40 yaşından sonra hər bir insanın bəzi testlərdən keçməsini xəstəliyin erkən mərhələdə aşkarlanması baxımından əhəmiyyətli hesab edir.

"Onkoloji xəstəliyi aşkarlamaq məqsədilə kişilər və qadınlar üçün müxtəlif testlər var. Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün qan analizi və bir sıra profilaktik müayinələr aparılmalıdır. Profilaktik müayinələrlə xəstəliyin erkən aşkarlanması faizi həddindən artıq yüksəkdir", - Qasımov qeyd edib.

O əlavə edib ki, xərçəngin dəri, süd vəzisi, uşaqlıq boynu növünü ilkin mərhələdə çox sadə şəkildə aşkarlamaq olur. Prostat vəzinin xərçəngini də qan analizini vaxtaşırı verməklə tez müəyyən etmək mümkündür.

Baş həkim onkoloji xəstələrin sayının artmasında qida, siqaret, günəş radiasiyası, peşə xəstəliyi, irsi faktorların rolunun olduğunu da söyləyib.

Qasımov deyib ki, onkoloji xəstəliyin yaranmasında qida faktoru 40 faizə yaxın, siqaret 30 faizdən yuxarı rol oynayır.

Xəbər lenti

Xəbər lenti