...

Azərbaycanda iki-üç ulduzlu hotellərin sayı artırılacaq

Cəmiyyət Materials 14 Noyabr 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda aşağı təbəqəyə yüksək keyfiyyətli xidmət göstərə bilən, müəyyən standartlara, sanitariya norma qaydalarına cavab verən iki-üç ulduzlu hotellər də olmalıdır. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini, daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, paytaxtda beşulduzlu hotellərlə yanaşı, iki-üç ulduzlu hotellərin sayının artırılması da vacib şərtlərdəndir. Mədəniyyət və Turizm Nazirliyi də iki-üç ulduzlu hotellərin sayının artırılması üçün çalışır.

Qəhrəmanovun sözlərinə görə, "Bakıda iki-üç ulduzlu hotellərin sayının az olduğunu demək olmaz. Son illər ərzində Bakıda belə hotellərin sayının artırılmasına nail olunub.

"Kiçik həcmli hotellər var. Sadəcə olaraq, indi bazarda xidməti müxtəlifləşdirmək və bütün təbəqələrin xidmətlərdən istifadəsini təmin etmək lazımdır. Biz də ona çalışırıq", - nazirlik rəsmisi əlavə edib.

Hotellərdəki qiymətlərin hansı prinsiplər əsasında müəyyənləşdiyinə gəldikdə, Qəhrəmanov deyib ki, hotellərin qiymətləri bazar iqtisadiyyatı əsasında müəyyənləşir. O, hotellərin təqdim etdiyi xidmətlərin qiymətlərini bazara uyğun hesab edib.

Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Həmin obyektlərin 300-dən çoxu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir. Ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb.

Hazırda respublikadakı hotellərin 15-i beşulduzludur. Onların 13-ü Bakıdadır. Respublikada 37 dördulduzlu hotel fəaliyyət göstərir ki, onun 21-i Bakıda, qalanları regionlardadır. 21 üçulduzlu hoteldən 13-ü Bakıdadır.

Ölkə üzrə ümumilikdə ikiulduzlu 3 hotel fəaliyyət göstərir. Onun 1-i paytaxtdadır.

Xəbər lenti

Xəbər lenti