Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən Respublika Şahmat Turnirinin qaliblərinin adları açıqlanıb.
Trend-in məlumatına görə, bununla bağlı bazar ertəsi keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, yarışda ölkənin 48 şəhər və rayonundan 244 nəfər şahmatçı iştirak edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət nəticəsində ölkədə şahmata kütləvi maraq yaranıb. Şahmata marağı daha da artırmaq üçün keçirilən turnirin məqsədi də uşaq və yeniyetmələrin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edilməsi, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi" Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi, məktəblilər arasında dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir.
Nazir müavini deyib ki, hazırda şahmatın müstəqil fənn kimi tədris olunması üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə müzakirələri keçirilir. Bunun üçün bəzi ölkələrin qabaqcıl təcrübələri öyrənilir.