...

Leyla Əliyeva: Ətraf mühitin mühafizəsi üçün atılan hər bir addım bizim ümumi uğurumuz olacaq (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2011 18:22 (UTC +04:00)
Biz ekoloji problemlərdən kənarda qalmağın çətin olduğu çox vacib və mürəkkəb dövrdə yaşayırıq.
Leyla Əliyeva: Ətraf mühitin mühafizəsi üçün atılan hər bir addım bizim ümumi uğurumuz olacaq (FOTO)

Azərbaycan, Qəbələ, 25 noyabr /Trend, müxbir A.Axundov/

Biz ekoloji problemlərdən kənarda qalmağın çətin olduğu çox vacib və mürəkkəb dövrdə yaşayırıq. Trend-in məlumatına görə, bu barədə cümə günü Qəbələdə keçirilən "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" adlı gənc ekoloqların beynəlxalq düşərgəsində çıxışı zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla Əliyeva bildirib.

"Bu, yalnız bizdən - gənc insanlardan asılıdır, yaranmış vəziyyətə tənqidi yanaşmağa çalışmaq lazımdır. Dünyanın müxtəlif hissələrində iqlim dəyişikliyi, karbon qazı tullantılarının artması, atmosferə atılan istixana qazlarının artımı, okean dəyişkənlikləri, quraqlıqlar və digər humanitar problemlərdən əmələ gələn ekoloji problemlərə gənc nəsil laqeyd qala bilməz", - Leyla Əliyeva deyib.

O qeyd edib ki, son 50-60 il ərzində antropogen fəaliyyətin genişlənməsi bütün dünyada flora və faunanın ekoloji balansını pozub.

"Karbon qazı tullantılarının toplanması təkcə 2010-cu ildə milyonda 389 hissəyə çatıb. Bu, 1750-ci ildə sənaye erasının başlanmasından bəri ən yüksək göstəricidir. Bu gün avtomobil işlənmiş qazlarla təxminən 800 kiloqram karbon oksid, 40 kiloqram azot dioksid və təxminən 200 kiloqram müxtəlif karbohidrogenlər buraxaraq, atmosferdən orta hesabla 4 tondan çox oksigen udur", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, buna görə də bu ilin iyul ayında elan edilən İDEA kampaniyasının əsas prioritetlərindən biri Bakı ətrafında ağac və kolların əkilməsidir. "Biz kampaniyaya "Gənc ağac gənc ruh üçün" şüarı altında başladıq, buna uyğun olaraq, hesablamalarımıza görə, biz BMT-nin 2012-ci ildə Rio-de-Janeyroda sabit inkişaf üzrə qlobal konfransına qədər 300 min ağac əkəcəyik. Biz hamımız yadda saxlamalıyıq ki, ağac və bitki planetimizdə yeganə oksigen mənbəyidir. Bir akr ağac sahəsi bütün gün ərzində 18 insana kifayət edəcək qədər oksigen generasiya edir", - İDEA-nın təsisçisi deyib.

Vitse-prezident qeyd edib ki, Azərbaycan təkcə 11 iqlim zonasından 9-nun olduğu ölkə deyil. Bu, öz-özlüyündə qeyri-adi təbiət hadisəsidir.

"Azərbaycan həm də palçıq vulkanları, təbii əbədi məşəllə yaranan yanar dağlar, endemik ağaclar, yüksək dağ yaylaları, heyrətamiz sahilyanı ərazilər, sıx meşələr, yarğan və düzənliklərin hamısının birlikdə əfsanəvi mənzərə yaratdığı ölkədir. Bizim gur çaylarımız xəritədə çox gözəl mənzərə yaradır, onların hamısı həmahəng şəkildə dünyada ən böyük göl kimi tanınan Xəzər dənizinə tökülür", - Leyal Əliyeva bildirib.

Onun sözlərinə görə, İDEA kampaniyası Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən işlərin məntiqi davamı olub. 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdi, həmin vaxt bütün ölkə üzrə 14 milyon ağac əkilib, onlarla yeni parklar açılıb.

"Vitse-prezidenti olduğum Fond Azərbaycan ceyranlarının mühafizəsi və onların təbii məskunlaşma mühitinə köçürülməsi üzrə kampaniyaya başlayıb. Biz, ceyranların xaltalarına bərkidilən sutkada bir neçə dəfə onların yerləri barədə siqnallar yollayan xüsusi ötürücülər vasitəsilə ceyranların hərəkəti haqqında məlumat alırıq. Bəbirin ən iri yarımnövü olan Qafqaz bəbiri kimi məhv olan növlərin mühafizəsi bizim əsas prioritetlərimizdən biridir. Bu növ vəhşi heyvanlar onların ovlanması hallarının artması ilə bağlı yox olmaq təhlükəsi altındadır. Qafqaz bəbirinin mövcudluğu bütün ekoloji sistemin sağlamlığının rəmzidir", - Leyla Əliyeva qeyd edib.

O bildirib ki, Bakının mərkəzindəki XII əsrə aid Qız qalası həmişə şəhərin fəxri olub. "Biz yenidənqurma işlərinin gedişatında çox maraqlı hadisələrlə üzləşirik. Apodidae kimi tanınan uzunqanad dəstələri Qız qalasında təxminən 200 yuva qurublar. Qaranquşlar kimi qara uzunqanadlılar köçəridirlər və yayın ortalarında onlar Azərbaycana uçurlar, qışda isə uzağa - Cənubi Afrikaya istiqamət alırlar. Onların təhlükəsizlyini təmin etmək üçün İDEA-nın üzvləri tərəfindən yeni layihə başlanıb. Layihə Qız qalasında təmir işləri davam edənə qədər bu quşlar üçün süni yuvaların yaradılmasını nəzərdə tutur. İDEA, həmçinin, Böyük Qafqaz beşliyini - ayı, qartal, canavar, ceyran və bəbir - müəyyənləşdirib. Onlar müstəsna növlərdir və yaşamalarına bizim əsas borcumuz qismində baxılmalıdır", - Leyla Əliyeva deyib.

Azərbaycanın təbii müxtəlifliyi - onun gölləri və çayları, dağ və düzənlikləri, meşə və səhraları ölkəni qeyri-adi məkana çevirib. "Buna görə də mənim komandam və mən kampaniyaya şüar fikirləşərkən bizi birləşdirən və fəaliyyətə çağıran şüarı seçdik: "Bir Yer - bir gələcək". Bizim bir planetimiz və bir gələcəyimiz var. Bu gün biz gənclər hansı planetdə yaşamaq istədiyimizi həll etməliyik. Biz gənclər hansı tapşırıqları tez bir şəkildə həll etməyi və uşaqlarımızın gələcəyinin təhlükəsiz və sabit olacağına əmin olmaq üçün nə etmək lazım olduğunu müəyyənləşdirməliyik", - Leyla Əliyeva bildirib.

O qeyd edib ki, təbiət ləngimələrə və məcburiyyətə dözmür. "Buna görə də İDEA-nın kampaniyası təxirəsalınmaz fəaliyyətlərə çağırır. Bu gün burada 35 ölkədən 85 nümayəndə iştirak edir. Bu Yer kürəsinin üçdə biridir. Bu göstərir ki, biz birlikdə güclüyük!" - Heydər Əliyev Fondunun vitse-prezidenti deyib.

"Vacib qlobal ekoloji problemləri müzakirə etmək və həll yolları tapmaq üçün Azərbaycanın ən gözəl güşələrindən birinə toplaşmışıq. Növbəti iki gün ərzində maraqlı məruzələr dinləmək və ciddi debatlarda iştirak etmək imkanımız olacaq. Biz bu layihəni illik mərasimə və Qəbələni gənc insanlar arasında dialoq məkanına çevirmək istəyirik. Bir-birimizi anlamaq cəhdləri, müzakirə etmək və əməkdaşlığın perspektivlərini göstərmək bizim vəzifələrin nailiyyətini asanlaşdıracaq", - Leyla Əliyeva bildirib.

Onun sözlərinə görə, iclasın keçiriləcəyi bu iki gün bu gün müəyyənləşdiriləcək missiya və yolun hələ başlanğıcıdır. "Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu bizim ümumi vəzifəmizdir və ətraf mühitin mühafizəsi üçün atılan hər bir addım ümumi uğurumuz olacaq. Hər bir başlanğıcın uğuru dəstək və əməkdaşlıqdan ibarətdir. Onun davamı ancaq fəaliyyət yolları ilə mümkündür. Bizim uğurumuz beynəlxalq dialoqla mümkündür və İDEA-nın üzvləri olaraq, biz səmimi şəkildə ümid edir və inanırıq ki, siz bütün dünya üzrə bizim İDEA-nın səfirləri olacaqsınız", - Leyla Əliyeva bildirib.

"Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" adlı gənc ekoloqların beynəlxalq düşərgəsi işini şənbə günü başa çatdıracaq. Mərasimdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi və İnkişaf Proqramının rəhbəri Fikrət Akçura, ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfıqə Hüseynzadə, "Earth Force Organization"ın (ABŞ) prezidenti və icraçı direktoru Liza Borduell və başqaları iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti