...

Azərbaycan məktəblərində işləyən müəllimlərin sayı təxminən 10 min nəfər azalıb - nazir

Cəmiyyət Materials 29 Noyabr 2011 10:52 (UTC +04:00)
Yaş senzi ilə əlaqədar Azərbaycanın ümumtəhsil məktəblərində işləyən müəllimlərin sayı təxminən 10 min nəfər azalıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycan məktəblərində işləyən müəllimlərin sayı təxminən 10 min nəfər azalıb - nazir

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir M.Əliyev/

Yaş senzi ilə əlaqədar Azərbaycanın ümumtəhsil məktəblərində işləyən müəllimlərin sayı təxminən 10 min nəfər azalıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, hazırda orta məktəblərdə 150 minə yaxın müəllim işləyir, bu isə normadan artıqdır.

"Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində 1 300 min şagird təhsil alır. Bu saya uyğun olaraq hələ müəllimlərin sayının azalması lazımdır", - Mərdanov qeyd edib.

Nazirin sözlərinə görə, ölkədə 1 müəllimə düşən şagirdlərin sayının 12-13 olması nəzərdə tutulur.

Mərdanov Nazirlər Kabinetinin təsdiqlədiyi "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar"a da münasibət bildirib. "Yaş senzi ilə əlaqədar işdən azad edilmiş, NK-nın təsdiqlədiyi meyarlara cavab verən müəllimlərin işdən azad edilməsi təhsildə ciddi problem yaradacaqsa, onların yenidən işə bərpa edilməsi məsələsinə baxmaq gec deyil. Amma həmin şəxsin yerinə işçi götürülübsə, həmin şəxsin məsələsinə baxmaq gecdir", - nazir deyib.

Nazirlər Kabinetinin 2 noyabr tarixli qərarına görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, dövlət mükafatı laureatı olmasıdır.

Xəbər lenti

Xəbər lenti