...

Azərbaycanda hemofiliyalı xəstələrin yarısı məktəbəqədər və məktəbyaşlı uşaqlardır

Cəmiyyət Materials 1 Dekabr 2011 17:27 (UTC +04:00)
Hazırda Azərbaycanda qeydiyyata alınan 1400-ə yaxın hemofiliyalı xəstənin 50 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır.
Azərbaycanda hemofiliyalı xəstələrin yarısı məktəbəqədər və məktəbyaşlı uşaqlardır

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda qeydiyyata alınan 1400-ə yaxın hemofiliyalı xəstənin 50 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Bunu cümə axşamı Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova deyib.

O qeyd edib ki, hazırda bu xəstələrin dövlət reyestrinin yaradılması istiqamətində işlər aparılır. Reyestr gələn ilin aprel ayına kimi hazır olacaq.

Hüseynova bildirib ki, Azərbaycandakı bütün hemofiliyalı xəstələr onların sağlamlığı üçün vacib olan dərmanla tam təmin oluna bilmirlər.

Onun sözlərinə görə, hər il hemofiliyalı xəstələr üçün dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına 16 milyon vahid laxtalanma faktor preparatları alınır. Amma hazırda əlavə olaraq, 3-4 milyon vahid dərmanın da alınmasına ehtiyac var.

Hüseynova bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edəcəklərini deyib.

Hemofiliya xəstəliyi insan qanında bəzi laxtalanma faktorlarının irsən çatışmazlığı nəticəsində əmələ gəlir. Hemofiliya irsi xəstəlik olaraq, uşağa qadın tərəfindən keçir. Bu xəstəlik əsasən oğlan uşaqlarında özünü büruzə verir.

Bu qrup insanlarda baş verən qanaxmalar təcili faktor preparatları ilə müalicə edilmədikdə xəstəlik əlillik və ölümlə nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti