...

Dövlət Komitəsi: Azərbaycanda dini ayinlərin icrası sahəsində məsuliyyətin ağırlaşdırılması reallıqlardan qaynaqlanıb

Cəmiyyət Materials 14 Dekabr 2011 17:11 (UTC +04:00)
Azərbaycanda dini ayinlərin icrası sahəsində cinayət və inzibati məsuliyyətin ağırlaşdırılması dini durumdakı mövcud reallıqlardan qaynaqlanıb.
Dövlət Komitəsi: Azərbaycanda dini ayinlərin icrası sahəsində məsuliyyətin ağırlaşdırılması reallıqlardan qaynaqlanıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dini ayinlərin icrası sahəsində cinayət və inzibati məsuliyyətin ağırlaşdırılması dini durumdakı mövcud reallıqlardan qaynaqlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı bu ilin noyabrında Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər edilib.

Komitə bəyan edir ki, təhlillər zamanı bu sahədə baş verən qanun pozuntularının bir çox hallarda eyni dini icmalar və şəxslər tərəfindən təkrarlanması hallarına rast gəlinir.

"Hətta, bəzi məqamlarda həmin dini qurumlar və şəxslər bilərəkdən qanunvericiliyin tələblərini pozaraq dini təbliğat aparır, zərərli dini ədəbiyyat yayırlar. Müvafiq dövlət qurumları bununla bağlı lazımi tədbirlər gördükdə isə kiçik məbləğdə olan cərimələri ödəməklə "kifayətlənirlər", - mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, dini fəaliyyət sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi həm zərərli dini ədəbiyyatın yayılmasının, həm də qanunsuz dini təbliğatın aparılmasının qarşısının alınmasında, eləcə də dini durumda gedən proseslərin daha da şəffaflaşmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, dini ayinləri icra etməyə mane olmağa görə əvvəllər cəza 100 manatdan 500 manatadək" müəyyən edilib, hazırda isə həmin cəza 1000 manatdan 2000 min manatadək artırılıb.

Dinə etiqad etməyə məcbur etməyə görə əvvəllər cəza 500 manatdan 1000 manatadək olduğu halda, hazırda bu məbləğ 3000 manatdan 5000 manatadək müəyyən edilib.

Cinayət Məcəlləsinə 167-2-ci maddə ("Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma") əlavə olunub.

Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymağa görə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəza növü nəzərdə tutulub.

Eyni zamanda, həmin maddədə ağırlaşdırıcı hallar da nəzərdə tutulub.

Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə də cəza artırılıb.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik qanunsuz olaraq dini təhsil almaq üçün vətəndaşların xaricə göndərilməsinin, din xadimlərinin mübadiləsinin, İslam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinin qarşısını alır.

Həmin maddəyə əlavə edilmiş qeyd, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunsuz olaraq dini təbliğat apararaq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satmaqla) törədildikdə cinayət məsuliyyətinə səbəb olunması həmin vətəndaşların din sahəsində məsuliyyətini daha da artırır.

Xəbər lenti

Xəbər lenti