...

Azərbaycan yol polisi avtomobillərdə yanğın hadisələrinin sayının artma səbəblərini açıqlayıb

Cəmiyyət Materials 22 Dekabr 2011 14:38 (UTC +04:00)
Azərbaycanın Yol Polisi avtomobillərdə baş verən yanğın hadisələrinin səbəbini açıqlayıb.
Azərbaycan yol polisi avtomobillərdə yanğın hadisələrinin sayının artma səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın yol polisi avtomobillərdə baş verən yanğın hadisələrinin sayının artması səbəblərini açıqlayıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə axşamı Trend-ə bildirib ki, bir çox hallarda nəqliyyat vasitələrinə əlavə qurğu və avadanlıqlar, o cümlədən qadağan olunmuş səs siqnalları quraşdırılır.

Əliyevin sözlərinə görə, qeyri-peşəkar ustalar avtomobilin elektron sisteminə müdaxilə etmiş olur və nəticədə qısaqapanma səbəbindən yanğın baş verir.

Şöbə rəisi bildirib ki, yanğın hadisələri son zamanlar avtobuslarda da tez-tez qeydə alınır və bu hadisələr də həmin nəqliyyat vasitələrinə qadağan olunmuş səs siqnalları, maqnitofon və digər qurğuların quraşdırılması səbəbindən baş verir.

Şöbə rəisi deyib ki, əgər nəqliyyat vasitəsinin elektron sisteminə heç bir kənar müdaxilə olmadığı halda avtomobil alışırsa, onda belə hadisələrin səbəbləri mütəxəssislər tərəfindən müəyyən edilməlidir.

Yol qəzalarında avtomobillərdə baş verən yanğınlara gəlincə isə, Əliyev qeyd edib ki, bu hadisələrin hər biri ilə bağlı istintaq aparılır, texniki ekspertiza müəyyən edilir. Hər bir belə hadisə ilə bağlı ekspertiza yekun rəy verir.

Qeyd edək ki, son vaxtlar minik avtomobilləri və avtobusların yanması hallarına tez-tez rast gəlinir.

Xəbər lenti

Xəbər lenti