...

Təhsil naziri şahmatın tədrisi ilə bağlı yeni əmr imzalayıb

Cəmiyyət Materials 5 Yanvar 2012 12:32 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə şahmatın fənn kimi tədrisi ilə bağlı yeni əmr imzalayıb.
Təhsil naziri şahmatın tədrisi ilə bağlı yeni əmr imzalayıb

Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə şahmatın fənn kimi tədrisi ilə bağlı yeni əmr imzalayıb.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov cümə axşamı Trend-ə bildirib ki, ötən il dekabrın 28-də imzalanan əmrə əsasən, qış tətili yekunlaşan kimi, yəni yanvardan orta məktəblərdə şahmatın tədrisinə başlanacaq. Şahmat yanvardan yalnız II sinif şagirdlərinə tədris ediləcək. Artıq bu gündən şahmatı tədris edəcək müəllimlər üçün iki günlük təlim seminarlarının keçirilməsinə başlanılıb.

İbrahimov deyib ki, hər bir rayon və şəhərdən bir məktəb olmaqla, ölkənin 75 ümumtəhsil müəssisəsində şahmat dərsi keçiləcək. Bu fənni məktəblərdə 75 müəllim tədris edəcək. Şahmat fənni məktəblərdə həftə ərzində şagirdlərə 1 saat müddətində öyrədiləcək.

Nazirlik rəsmisinin sözlərinə görə, tədris ilinin sonunda şahmat fənninin tədrisi ilə bağlı təhlillər aparılacaq və onun əsasında növbəti qərar qəbul ediləcək.

Azərbaycanın orta məktəblərində şahmat dərslərinin tədrisi "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir.

Şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti