...

Azərbaycanda reklam olunan dərmanlarla uşaqların boyunu uzatmaq olarmı?

Cəmiyyət Materials 6 Yanvar 2012 14:40 (UTC +04:00)
Artıq bir müddətdir ki, Bakıda əhalinin sıx olduğu yerlərdə boyun uzanmasına kömək etdiyi bildirilən dərmanlar reklam edilir.
Azərbaycanda reklam olunan dərmanlarla uşaqların boyunu uzatmaq olarmı?

Azərbaycan, Bakı, 6 yanvar /Trend müxbir İ.İsabalayeva/

Artıq bir müddətdir ki, Bakıda əhalinin sıx olduğu yerlərdə boyun uzanmasına kömək etdiyi bildirilən dərmanlar reklam edilir. Reklam lövhələrində yazılanlardan belə başa düşmək olar ki, övladını hündürboylu görmək istəyən valideyn bu dərmanı uşağına verə bilər. Belə təəssürat yaranır ki, dərmandan istifadə tam təhlükəsizdir və onun heç bir ziyanı yoxdur.

Mütəxəssislərlə söhbətləşdikdə isə məlum oldu ki, əslində bu dərmanlardan istənilən valideyn uşağının boyunun uzadılması üçün istifadə edə bilməz.

Azərbaycanın baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev cümə günü Trend-ə açıqlamasında valideynləri belə dərmanlardan istifadə zamanı diqqətli olmağa çağırıb.

Onun sözlərinə görə, bu preparatı tibbi göstəriş olmadan uşaqlara vermək olmaz. Onun qəbulu üçün uşaq mütləq həkimin tibbi, hormonal və digər müayinələrindən keçməlidir. Yalnız boy artımında patologiya olduqda bu dərmanı uşağa vermək olar.

"Ona görə ki, hər bir uşağın özünün böyümə bioritmi var. Biz o hallarda həmin preparatdan istifadə etməliyik ki, onun istifadə olunmasına tibbi göstəriş olsun. Uşağın atası da, anası da balaca boydursa, onda uşaq giqant ola bilməz. Onda uşaq da balaca boy olacaq. Belə hallarda dərman qəbul edildikdə normal hal yaranmır, uşaqda akromeqaliya əlamətləri yaranır", - Quliyev qeyd edib.

O bildirib ki, tibbi göstəriş olmadan dərman qəbul edildikdə bədənin mütənasib böyüməsi baş verməyə bilər. Buna görə də preparat yalnız həkim müayinələrindən sonra boy artımında patologiya, xəstəliyi olan uşaqlara verilə bilər.

"Hər kəsə bu dərmanı vermək olmaz. Bu, qorxulu vəziyyət yaradar. Bu dərmanı ağır xəstəlik olan zaman, yüz dəfə ölçüb, bir dəfə biçib istifadə etmək olar. Bu da nəzarət altında olmalıdır. Çünki hormonların da fərqli xüsusiyyətləri var. Ola bilər ki, bir xəstə preparatdan effekt görsün, digəri görməsin. Boyla, immunitetlə zarafat etmək olmaz, bunlar mürəkkəb məsələlərdir. Kim belə dərmanları reklam edirsə, müştəri yığmaq üçün edir. Bu da normal hal deyil", - baş pediatr əlavə edib.

Belə dərmanların reklamını düzgün saymayan Quliyev reseptsiz buraxılmayan dərman vasitələrinin reklamının qadağan olunduğunu da xatırladıb.

Pediatr Ruslan Bağırov isə Trend-ə deyib ki, uşaqlarda fiziki inkişaf göstəricilərindən olan boy artımı yaşa uyğun baş verir. Uşağın yaşı nə qədər azdırsa, onun boy artımı bir o qədər sürətlə baş verir. Boy artımına təsir edən əsas amillər endokrinoloji (hormonal) və qeyri-endokrinoloji amillərdir. Endokrinoloji amillərlə əlaqədar olan somatotrop hormonu az ifraz olunduqda uşağın boyu inkişafından geri qalır.

Həkimin sözlərinə görə, boy artımında endokrinoloji amillər mühüm rol oynasa da, genetik amillər - ananın, atanın boyu, kalsium-fosfor mübadiləsi, vitamin çatışmazlığı, mədə-bağırsaq, psixoloji problemlər də bu məsələyə öz təsirini göstərir.

Bağırov deyib ki, uşağın boyu inkişafdan geri qalırsa, ilk növbədə endokrinoloqun müayinə və müalicəsi lazımdır. Uşaq tam müayinə olunmayıb endokrinoloji müalicə aldıqda onun orqanizimində çox ağır fəsadlar yarana bilər. Buna görə də boyu inkişaf etməyən uşağın ilk növbədə hipofiz vəzi və qanda somatotrop hormonu, sümükləşmə nöqtələrinin açıq olub-olmaması yoxlanılmalıdır. Sümükləşmə nöqtələri tam sümükləşibsə, onda uşağa somatotrop hormonu təyin etmək düzgün deyil. Amma belə vəziyyətdə somatotrop hormonu təyin edildikdə uşaqda eybəcərləşmə yaranır. Onun boyu inkişaf etmədiyi üçün burnu, qulağı, əli və digər orqanları böyüyür, akromeqaliya adlanan xəstəlik yaranır.

Boyun artımının ləngiməsinə endokrinonoloji amillərin təsir göstərmədiyi aydınlaşdıqda onda genetik müayinə aparılmalıdır.

Həkimin sözlərinə görə, uşaqlar səhv müalicə edildikdə onlarda çəki artır. Amma bu artım əzələ hesabına deyil, maye, piy hesabına baş verir. Bununla yanaşı, uşaq fiziki inkişafdan geri qalır, danışa bilmir. Bütün bu dəyişikləri isə yenidən bərpa etmək mümkün olmur.

Bağırov deyib ki, körpələrin boyu 1 yaşadək daha sürətlə inkişaf edir. Bu dövrdə uşağın düzgün qidalanmaması, dəriyə düzgün qulluq göstərilməməsi, havada gəzintiyə çıxarılmaması onun boy artımını ləngidir. Xüsusilə qış aylarında doğulan körpələrdə D vitamininə tələbat daha çox olduğu üçün onlarda raxit xəstəliyi əmələ gələ bilər. Bu isə boyun inkişafına təsir göstərən əsas səbəblərdən biri olur.

Ana südü ilə qidalanan körpələrin boyunun adətən normal olduğunu deyən həkimin sözlərinə görə, körpələrin, çörək, kartof və tərkibi karbohidratlarlarla zəngin olan qidalarla davamlı qidalandırılması, uşağın rütubətli şəraitdə yaşaması onların boy artımına pis təsir edir.

Xəbər lenti

Xəbər lenti