Azərbaycan, Bakı, 6 yanvar /Trend/
Yaxın 2 gündə hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, mülayim cənub küləyi üstünlük təşkil edəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 7-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.