...

Azərbaycana qaçaqmalçılıqla gətirilən narkotiklərin coğrafiyası açıqlandı

Cəmiyyət Materials 14 Yanvar 2012 10:24 (UTC +04:00)
Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 461 fakt aşkar olunub, 1 ton 346 kiloqramdan çox narkotik
Azərbaycana qaçaqmalçılıqla gətirilən narkotiklərin coğrafiyası açıqlandı

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Son beş ildə Azərbaycanda gömrükçülər tərəfindən narkotik qaçaqmalçılığı ilə bağlı 461 fakt aşkar olunub, 1 ton 346 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq 344 qramdan çox həşiş, 203 kq 666 qram heroin, 188 kq 469 qram tiryək, 4 kq 747 qram marixuana, 24 kq 400 qram metamfetamin də daxil olmaqla əsasən "ağır" və "güclü təsirli" daha təhlükəli narkotiklər dövriyyədən götürülüb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.

Muradlı deyib ki, cinayət xarakterli faktların içərisində əsas yeri narkoqaçaqmalçılıq tutur.

"Azərbaycanda narkoşəraitin mürəkkəbləşməsi Əfqanıstan amili ilə birbaşa bağlıdır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin qiymətləndirmələrinə əsasən 2007-2011-ci illər ərzində Əfqanıstanda 727 min hektar ərazidə 32 min 200 ton tiryək istehsal edilib. 2010-cu ildə Əfqanıstanda xaş-xaş bitkisinə düşmüş xəstəlik nəticəsində tiryək istehsalının 3600 tona qədər azalması fonunda yaranan optimist proqnozları 2011-ci ildə istehsalın 61% artaraq 5800 tona çatması, əlavə olaraq həşiş istehsalının genişlənməsi alt-üst edib" Muradlı əlavə edib, məlumatı DGK-nin rəsmi saytı yayıb.

Onun sözlərinə görə, narkoişbazlar istehsal edilmiş tiryək və heroini Avropa və digər ölkələrdəki qara bazara çıxarmaq üçün daim yeni-yeni marşrutlar axtarırlar.

"Azərbaycanın coğrafi mövqeyi, yəni narkoistehsalçı Asiya ölkələri ilə narkoistehlakçı Avropa ölkələri arasında yerləşməsi, əlverişli quru, hava, dəniz və dəmir yolu nəqliyyat şəbəkələri onları özünə cəlb edir və narkotiklərin qanunsuz dövriyyəsində ərazimizdən tranzit dəhliz kimi istifadəyə cəhd göstərilir. Bunun nəticəsidir ki, digər region ölkələri kimi ölkəmizə xüsusilə, cənub sərhədlərindən "narkotəcavüz" səngimir" general-mayor vurğulayıb.

Muradlı vurğulayıb ki, son 5 ildə qanunsuz dövriyyədən götürülmüş narkotiklər içərisində güclü təsirli və daha təhlükəli heroinin xüsusi çəkisinin əvvəlki 5 illə müqayisədə kəskin şəkildə artaraq 203 kq 666 qram təşkil etməsi ciddi narahatçılıq doğurur.

"Bu qədər heroinin törədə biləcəyi təhlükənin miqyasını aydın təsəvvür etmək üçün qeyd edək ki, mütəxəssislərin rəyinə görə 1 kq heroindən 10000 "doza" alınır, 100 qram heroinlə 170 adamı narkotiklərdən asılı vəziyyətə salmaq mümkündür" o əlavə edib.

Onun bildirdiyinə görə, narkotiklərin keçirilməsi üçün narkoqaçaqmalçılar xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən, mədə və bağırsağ boşluqları, maye halda paltarlara hopdurma və konserv bankalarına doldurma da daxil olmaqla çox ağlagəlməz gizlətmə üsullarından istifadəyə cəhd göstəriblər.

"Narkoqaçaqmalçılıq faktları üzrə son beş ildə 531 nəfər şübhəli şəxs qismində cəlb edilib ki, onlardan da 70 nəfərini, başqa sözlə 13 faizdən çoxunu qadınlar təşkil edib.

"Narkokuryer qismində qadınlardan və hətta azyaşlı uşaqlardan istifadə hallarının çoxalması ciddi narahatçılıq doğurur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlər əsasən Azərbaycan və İran vətəndaşları olublar. Bununla yanaşı onların arasında həm də Rusiyanın, Gürcüstanın, Özbəkistanın, Türkiyənin, Litvanın, Ukraynanın, Nigeriyanın, Qananın və digər Afrika ölkələrinin, hətta Kambocanın vətəndaşlarına da rast gəlmək olar" o qeyd edib.

Muradlının sözlərinə görə, aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir.

"Belə ki, 2009-2011-ci illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30-dan çox cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib. 2007-2011-ci illərdə aşkar olunmuş faktların və daxil olmuş əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Çin, Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edir" o əlavə edib.

Onun sözlərinə görə, son illər gömrük orqanları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir neçə iri narkokanal aşkara çıxarılıb və qarşısı alınıb.

Belə ki, Pakistan və Nigeriya narkoişbazları tərəfindən təşkil olunmuş, İran-Azərbaycan daha sonra isə Çin və İtaliyaya narkotiklərin daşınması ilə məşğul olan 6 transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunmuş, onlardan 55 kq-dan artıq güclü təsirli narkotik vasitə olan heroin götürülmüş, 7 Pakistan, 3 Özbəkistan, 1 Nigeriya, 2 Azərbaycan, 1 Litva, 1 Kamboca vətəndaşı (9 kişi, 6 qadın) tutularaq cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Onun bildirdiyinə görə, Azərbaycan və İran İslam Respublikasının vətəndaşları tərəfindən İrandan gətirilən güclü təsirli psixotrop maddə olan metamfetaminin ölkə ərazisindən tranzit keçirilməklə hava nəqliyyatı ilə (Bakı-İstanbul, Bakı-Moskva aviareysləri ilə) Malayziya və Tailanda qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdlərlə bağlı 5 fakt aşkar edilib, 24 kq 147 qram metamfetamin qanunsuz dövriyyədən çıxarılmışdır. Metamfetaminin təyinat ölkələrinin gömrük xidmətləri və aidiyyəti beynəlxalq təşkilatlar faktla bağlı məlumatlandırılmışdır.

"Beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 16 fakt üzrə 28 kq 855 qramı tiryək, 10 kq 170 qramı heroin olmaqla, ümumi çəkisi 39 kq 025 qram narkotik vasitə, 1 ədəd PSM sistemli "Makarov" tipli tapança və onun patronları, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülmüşdür" general-mayor deyib.

Muradlı bildirib ki, hesabat dövründə Rusiya Federal Gömrük xidməti ilə birgə "Kaspi" əməliyyat planına əsasən həyata keçirilmiş 10 günlük tədbirlər nəticəsində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən Rusiyaya aparılmasına cəhd göstərilən 62 kq 592 qram narkotik vasitə və onları keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

"Digər tədbir nəticəsində Həştərxan limanında, İrandan Rusiyaya beynəlxalq dəniz yükdaşımalarını həyata keçirən "Vəfa" adlı gəmidə, qranit və digər üzlük daş partiyalarının içərisində 30 bağlamada 49 kq 995 qram həşiş aşkar edilərək götürülmüş, Rusiyanın Sankt-Peterburq və İvanovo şəhərlərində bu narkokanalın təşkilatçıları olan İran və Rusiya vətəndaşları tutularaq barələrində müvafiq tədbirlər görülüb" Muradlı əlavə edib.

Xəbər lenti

Xəbər lenti