...

Aydın Mirzəzadə: Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədilə bir sıra dövlət qurumlarının saytına haker hücumu təşkil edilib

Cəmiyyət Materials 16 Yanvar 2012 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün bir sıra dövlət qurumlarının saytına olan haker hücumu Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədilə təşkil edilib. Bunu Trend-ə bazar ertəsi millət vəkili Aydın Mirzəzadə deyib.

"Məqsəd Azərbaycanın artan nüfuzuna kölgə salmaqdır. Kimlərisə Azərbaycanın inkişafı, daxili və xarici siyasətdəki uğurları, onun dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsi çox narahat edir", - millət vəkili deyib.

O, bunu təkcə texniki təxribat yox, həm də siyasi təxribat kimi qiymətləndirib.

"Hücuma məruz qalan saytların siyahısı göstərir ki, məqsəd Azərbaycanın dövlət qurumlarının saytlarını, həm də nüfuzlu saytlarını sıradan çıxarmaqdır. Görünür, burada texniki təxribatla yanaşı, siyasi təxribat istəkləri də var. Çox güman ki, bu prosesi xüsusi tapşırıq almış haker qrupu həyata keçirib", - Mirzəzadə qeyd edib.

Onun sözlərinə görə, bu qüvvələr Azərbaycanı yeni bir sahə, istiqamət üzrə sınaqdan keçirdi və onların təxribat cəhdləri baş tutmadı. Millət vəkili bunun səbəbini Azərbaycanda müxtəlif istiqamətlər üzrə həyata keçirilən işlərin yüksək texniki imkanlar sayəsində qurulması ilə əlaqələndirib.

Millət vəkili hesab edir ki, təxribatçı qrupların informasiya texnologiyaları sahəsindəki bundan sonrakı istəkləri baş tutmayacaq.

Qeyd edək ki, bu gün bir sıra dövlət qurumlarının saytları, həmçinin nüfuzlu təşkilatların saytları haker hücumuna məruz qalıb.

Xəbər lenti

Xəbər lenti