...

Azərbaycanda sovet vaxtı banklarda qalmış əmanətlər qaytarılacaq

Cəmiyyət Materials 30 Yanvar 2012 13:19 (UTC +04:00)
Sovet vaxtı banklarda qalmış əmanətlər mütləq qaytarılacaq, lakin bu iş ədalətli prinsip əsasında aparılmalıdır.
Azərbaycanda sovet vaxtı banklarda qalmış əmanətlər qaytarılacaq

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir M.Əliyev/

Sovet vaxtı banklarda qalmış əmanətlər mütləq qaytarılacaq, lakin bu iş ədalətli prinsip əsasında aparılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bazar ertəsi parlametin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı mətbuat konfransında bildirib.

Mirzəyev deyib ki, Azərbaycanda SSRİ vaxtından qalmış əmanətlərin qaytarılması prosesi kifayət qədər mürəkkəb məsələdir. Onun sözlərinə görə, mürəkkəblik həm qaytarılma prosesinin özü, həm də makroiqtisadi baxımdandır.

"Azərbaycanın hazırkı iqtisadi gücü bütün əmanətlərin qaytarılmasına imkan verir. Vaxtilə Sovet İttifaqının dağılması ilə elə problemlər üzə çıxıb ki, onların həll olunması bu gün üçün çətindir", - aparat rəhbəri deyib.

Onun sözlərinə görə, əmanətlərin uçotu vaxtilə düzgün aparılmayıb, ölkənin müstəqilliyinin ilk illərində hərc-mərclikdən istifadə edilərək bir sıra hallarda əsası olmadan sənədlər verilib, bir çox sənədlər işğal olunmuş ərazilərdə qalıb.

Mirzəyev deyib ki, həmin əmanətlərin birdən qaytarılması iqtisadiyyata neqativ təsir göstərəcək.

Qeyd edək ki, Milli Məclisdə "Əhalinin əmanətlərinin indeksləşdirilməsi haqqında" qanun layihəsi hazırlanıb.

Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR-in Əmanət Bankındakı əmanətlərinin qaytarılması üçün 1,9 milyard manat (təxminən 2,4 milyar dollar) tələb olunur.

Layihədə əmanətin məbləği artıqca, indeksasiya məzənnəsinin azalması nəzərdə tutulur. Başqa sözlə, əmanət qalığı 2000 rubla qədər olan əmanətçilərin əmanətlərinə hər rubla görə 0,50 manat, yəni 2000 sovet rubluna görə 1000 Azərbaycan manatı verilməsi təklif edilir. 2001-5000 rubl arasında olan əmanətlərə görə isə hər rubla görə 0,30 manat verilməsi nəzərdə tutulur. Bu zaman 2000 rubla qədər məbləğdə əvvəlki məzənnə saxlanacaq, 1 sovet rublu qarşılığında 0,30 manat məzənnəsi 2001-5000 rubl arasında olan əmanətlərə şamil ediləcək.

5001-10000 rubl arasında olan əmanətlərə 1900 manat, üstəgəl 5000 rubldan artıq hər rubla görə 0,25 manat, əmanət qalığı 10000 rubldan yuxarı olan əmanətlərə isə 3150 manat, üstəgəl 10000 rubldan artıq hər rubla görə 0,20 manat məbləğində təzminat təklif olunur.

Layihədə sovet dövrünə aid əmanətlərin indeksasiyasının üç mərhələdə aparılması və 6 ilə başa çatdırılması nəzərdə tutulur.

Əmanətlərin qaytarılması 2 milyona yaxın əmanətçini əhatə edir ki, bunun üçün 1,9 milyard manat vəsait tələb olunur.

Xəbər lenti

Xəbər lenti