...

Bakının orta məktəblərində elektron kartlar tətbiq ediləcək

Cəmiyyət Materials 31 Yanvar 2012 14:44 (UTC +04:00)
Bakının orta məktəblərində elektron kartlar tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
Bakının orta məktəblərində elektron kartlar tətbiq ediləcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakının orta məktəblərində elektron kartlar tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, kartlar "Elektron məktəb" layihəsinin tərkib hissəsidir.

Sektor müdiri bildirib ki, kartlar vasitəsilə valideyn övladının məktəbə daxilolma və çıxma vaxtı barədə məlumat əldə edəcək. Bu məlumat uşaq məktəbə daxil olan və çıxan anda valideynə ismarıc vasitəsilə göndəriləcək.

Əliqızı deyib ki, kartların nə vaxtdan tətbiq ediləcəyi hələ bilinmir. Bu məsələ "Elektron məktəb" layihəsi çərçivəsində növbəti mərhələlələrdə görülən işlərdən biridir.

Onun sözlərinə görə, gələcəkdə elektron kartlar vasitəsilə məktəb ərazisinə daxil olan şagirdin bədən temperaturu barədə də valideynə məlumat ötürülməsi planlaşdırılır.

Bununla yanaşı, sağlamlıq imkanları məhdud olan şəxslərin də gələcəkdə distand təhsil vasitəsilə birbaşa siniflə əlaqə yaratma imkanının yaradılması nəzərdə tutulur.

Əliqızı hazırda Bakının 10-a yaxın məktəbində elektron məktəbin yaradıldığını da xatırladıb.

Xəbər lenti

Xəbər lenti