...

Azərbaycanda ötən il Penitensiar Xidmətin 232 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 3 Fevral 2012 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci ildə Penitensiar Xidmətin 232 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub, 35 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib. Trend-in məlumatına görə, bunu cümə günü Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində 2011-ci il ərzində görülmüş işlər, buraxılmış nöqsanlar və qarşıda duran vəzifələrə həsr edilmiş əməliyyat müşavirəsində xidmətin rəisi Mədət Quliyev bildirib.

Quliyev deyib ki, 2, 4, 5, 6, 7, 9, 10 saylı cəzaçəkmə müəssisələrinin, Tərbiyə Müəssisəsinin, həbsxananın, 2 və 3 saylı istintaq təcridxanalarının, 2, 7, 8, 9, 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin və Avtomobil təsərrüfatının rəisləri tutduqları vəzifədən azad olunub, onların bir hissəsi ədliyyə orqanlarından xaric edilib.

Xidmət rəsisi həmçinin bildirib ki, 2011-ci ildə penitensiar müəssisələrin əməliyyat aparatlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 183 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb.

2011-ci il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 21 592 manat pul, 179,2 litr spirtli içki, 197 mobil telefon, 333,329 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və həmin faktlarla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Quliyev Penitensiar Xidmətin 2011-ci il ərzindəki fəaliyyətinə yekun vuraraq qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.

Xəbər lenti

Xəbər lenti