Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir M.Əliyev/
Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın yeni əsəsnaməsi qəbul edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sədrliyi ilə keçirilən növbəti iclasda qəbul edilmiş əsasnamədə daimi komissiyalar yaradılması göstərilib.
Əsasnamədə gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, məşğulluq və karyera, intellektual inkişafı, elm, təhsil və asudə vaxt, sağlamlıq, həmçinin beynəlxalq proqramlarda iştirakı və diasporla iş üzrə komissiyalarının yaradılması qeyd olunub.
İctimai Şuraya "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev sədr, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova isə sədr müavini seçiliblər.
Daha sonra "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı 2011-ci il üzrə görülmüş işlər və gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ci ildə elan olunmuş müsabiqə haqqında məlumat verilib.
İclasda həmçinin 2011-ci ildə fəallığı ilə seçilən gənclər təşkilatları Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif ediliblər.
İclas 2 fevral - Azərbaycan Gəncləri Günün 15 illiyinə həsr olunub.