...

Azərbaycanda ekoloji problemlər başqa dövlətlərlə müqayisədə daha sürətlə həll olunur

Cəmiyyət Materials 10 Fevral 2012 14:40 (UTC +04:00)
Azərbaycanda ekoloji problemlər başqa dövlətlərlə müqayisədə daha sürətlə həll olunur
Azərbaycanda ekoloji problemlər başqa dövlətlərlə müqayisədə daha sürətlə həll olunur

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə dünyada ikinci yerdə qərarlaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü Trend-ə bildiriblər ki, ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan "Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi" (Environmental Performance Index) adlı sənəddə Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə ikinci yerdədir.

Sənəddə 132 ölkə arasında 2 istiqamət üzrə qiymətləndirmə aparılıb: ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri.

Sənədə əsasən, Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir.

"Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarıb", - nazirlikdən bildirilib.

Azərbaycan, həmçinin, meşələrlə bağlı qiymətləndirmədə hər 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində - həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında birinci yeri tutub.

Bu qiymətləndirmədə, yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizədək artırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınıb.

Hesabata əsasən, Azərbaycan iqlim dəyişikliyi bəndi üzrə də son illərdəki fəaliyyətə görə birinci, mövcud vəziyyətə görə isə 67-ci yerdədir. Hesabatda qeyd olunur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enib. Ümumilikdə, Kioto prosesi başlandıqdan bəri istilik effekti yaradan qazların tullantılarının təxminən 500 milyon ton azaldılmasına müvəffəq olunub.

"Beynəlxalq Ekoloji İndeks"də əsas yaşayış yerlərinin mühafizəsi, biomların mühafizəsi və mühafizə olunan dəniz əraziləri indikatorları əsasında qiymətləndirilmiş biomüxtəliflik üzrə Azərbaycan son on ildə inkişafa görə 45-ci, faktiki vəziyyətə görə isə 100-cü yerdədir. Bu inkişaf xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər (xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildəki 478 min hektardan 882 min hektaradək artırılıb ki, bu da ümumi ölkə ərazisinin 10,2 faizini təşkil edir, o cümlədən ilk dəfə olaraq 2003-cü ildən etibarən yaradılmasına başlanmış və hazırda mövcud olan 8 Milli parkın ümumi sahəsi ölkə ərazisinin 3,6 faizini təşkil edir), nadir bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması (yalnız 2011-ci ildə 100 başadək ceyran öz areallarına köçürülüb), mühafizə tədbirlərinin ciddiləşdirilməsi hesabına nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımına nail olunması (nəticədə bir sıra növlərin artıq qırmızı siyahıdan çıxarılması nəzərdə tutulub) ilə bağlıdır.

"Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi"ndə ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti