Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları ötən ilin dekabr ayında yeyinti sahəsində işləyən 47 sahibkarı inzibati qaydada cərimələyib.
Səhiyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.
Hesabat müddətində 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 47 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 705, mikrobioloji göstəricilərinə görə 640, toksikoloji göstəricilərinə görə 91, radioloji göstəricilərinə görə 41 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 2644 yaxma, 48 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 48-də mikrobioloji çirklənmə aşkarlanıb.
Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 74 nəfər zərərçəkən olub. O cümlədən 6 botulizm hadisəsi baş verib, həmin hadisələrdən 10 nəfər zərər çəkib.