...

Azərbaycanda əmlak müsadirəsi cəzası cəzalar sistemindən çıxarılır

Cəmiyyət Materials 20 Fevral 2012 11:39 (UTC +04:00)
Azərbaycanda əmlak müsadirəsi cəzası cəzalar sistemindən çıxarılacaq.
Azərbaycanda əmlak müsadirəsi cəzası cəzalar sistemindən çıxarılır

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda əmlak müsadirəsi cəzası cəzalar sistemindən çıxarılacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Parlamentə bununla bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi daxil olub.

Yeni qanun layihəsində cəza sisteminə xüsusi müsadirə adlı cəza daxil edilməsi təklif olunur.

Belə ki, Cinayət Məcəlləsinə "Cinayət hüquqi xarakterli digər tədbirlər" adlı yeni bölmə daxil ediləcək və həmin bölmədə xüsusi müsadirənin növləri və anlayışı barədə müddəalar yer alacaq.

Yeni qanun layihəsində qeyd olunur ki, xüsusi müsadirə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitlərı və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

Həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak da bu sıraya daxil edilib.

Xüsusi müsadirə cinayət-hüquqi tədbiri həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Məhkum tərəfındən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş yuxarıda qeyd olunan əmlak о halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul edib.

Əmlakın dəyərinə görə müsadirəsi dedikdə yuxarıda qeyd olunan müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirəsi nəzərdə tutulur.

Yeni layihədə nəzərdə tutulub ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.

Cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək əmlakı olmadıqda, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır.

Xəbər lenti

Xəbər lenti