...

Azərbaycanda gənc ailələrin müdafiəsi haqqında hazırlanan qanun layihəsinin müddəaları açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2012 17:15 (UTC +04:00)
Azərbaycanda "Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsi cəmiyyətin müxtəlif təbəqələrini əhatə edəcək.
Azərbaycanda gənc ailələrin müdafiəsi haqqında hazırlanan qanun layihəsinin müddəaları açıqlanıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsi cəmiyyətin müxtəlif təbəqələrini əhatə edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, gənc ailələrin sosial vəziyyətinin müxtəlif olduğunu nəzərə alaraq, "Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsi bütün təbəqələri nəzərə almalıdır.

"İmkanlı ailələrdə psixoloji yardım məsələsinə, imkansız ailələr üçün isə daha çox sosial ipoteka, mənzil məsələsinə diqqət yetirilməlidir. İmkanlı ailələr övladına ev alıb ayırsa da, sonradan həmin gənc ailə digər problemlər yaşayır ki, onlara da ağsaqqal məsləhəti, psixiatr yardımı göstərilməlidir. Evsiz gənclər üçün isə ipoteka kreditini faizsiz etmək niyyətindəyik", - Rəcəbli bildirib.

Komitə sədri həmçinin vurğulayıb ki, yeni qanun layihəsində həmçinin nikaha girən şəxslərdən heç olmasa birinin işlə təmin olunmasına nail olmaqdır. "Ailə quranların heç biri işləmirsə, o necə ailə olacaq? Çalışmalıyıq ki, heç olmasa gənc ailənin bir üzvü işlə təmin olunsun", - o deyib.

Hadı Rəcəbli qanunun böyük maliyyətutumlu olduğunu vurğulayaraq bildirib ki, qanun layihəsinin Milli Məclisin payız sessiyasına kimi hazır olunmasına çalışılacaq.

Xəbər lenti

Xəbər lenti