...

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Cəmiyyət Materials 23 Fevral 2012 18:45 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılığı ilə təşkil edilən müzakirələrdə 5 məsələ ilə əlaqədar rəylər qəbul edilib.

Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, əvvəlcə Bakı şəhər 173 saylı orta məktəbin "Super market" qəzeti ilə bağlı müraciətinə baxılıb.

Şikayətdə sözügedən mətbu orqanın 7 yanvar 2012-ci il tarixli sayında dərc edilmiş "Orta məktəbin qaranlıq dəhlizləri" sərlövhəli, "Oxucumuz övladlarının oxuduğu məktəbdə özbaşınalıq, rüşvətxorluğun baş alıb getməsindən şikayət edir" altsərlövhəli yazının araşdırılma aparılmadan, subyektiv mülahizələr əsasında təqdim olunduğunu bildirib. Müraciətdə, həmçinin məqalədə məktəb rəhbərliyinin və pedaqoji kollektivin ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun alçaldılmasına yönələn ittiham xarakterli fikirlərin yer aldığı göstərilib. Qeyd olunub ki, qarşı tərəfin mövqeyi öyrənilmədiyindən "Kütləvi informasiya vasitələri haqqında"qanunun 10-cu maddəsinin ("Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi") və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu qərəzli nümunə səhifəyə çıxarılıb. Şikayətə məsələ ilə əlaqədar təkzib verilməsi üçün məktəb rəhbərliyi tərəfindən qəzetə ünvanlanan məktubun surəti də əlavə olunub.

Müzakirələr zamanı şikayətdə ifadəsini tapan məqamlarla bağlı qəzetin baş redaktoru Etibar Bağırova komissiyanın iradları çatdırılıb. Bildirilib ki, istər mövzuya yanaşma tərzində, istərsə də qarşı tərəfin mövqeyinin ifadə olunduğu məktubunun təqdim edilməsinə münasibətdə qəzetin tutduğu yol da qüsurludur. Ona həmin məktubun dərci tövsiyə olunub. Komissiyanın rəyində qəzetin şikayət doğuran yazıda "KİV haqqında" qanunun 10-cu maddəsi ilə yanaşı, AJPDQ-nin "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin 1.2 bəndinin "jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir", "İnformasiya qaynaqlarına sayğılı yanaşma" adlı 2-ci prinsipinin 2.2 bəndinin "qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır" "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.2 bəndinin "jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır" tələblərini pozduğu da vurğulanıb.

"Sədərək" firmasının məktubunda "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində bu qurum barədə dərc olunan yazılarda əsasən qarşı tərəfin mövqeyinin öyrənilmədiyi göstərilib. Bununla da AJPDQ-nın "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin 1.2 bəndinin "jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir" tələbləri pozulub.

Hər iki qəzetin təmsilçiləri isə məsələ ilə bağlı dəqiqləşdirmələr aparılmasında qarşılaşdıqları çətinliklərdən danışıblar. Onlar şikayətçi tərəfin mövqeyini əks etdirən məktubunun dərcinə hazır olduqlarını bildiriblər. Komissiya həmçinin tövsiyə edib ki, "Sədərək" firması gələcəkdə bu kimi məsələlərlə üzləşməməsi üçün ictimaiyyətlə əlaqələr sahəsindəki işini tələblər səviyyəsində qurmalıdır. Bunun üçün firmanın yaxın zamanlarda KİV təmsilçilərinin iştirakı ilə görüş keçirməsinin və fəaliyyəti barədə ətraflı məlumat verməsinin vacibliyi də vurğulanıb.

İclasda "Azərinteltek" QSC-nin nümayəndəsi təmsil etdiyi qurumun idman mərc oyunlarının rəsmi operatoru kimi akkreditasiya olunduğu deyib. O, "Yeni Müsavat" qəzetinin 5 oktyabr 2011-ci il tarixli sayında qurum barədə gedən "Topaz"ın 188 min manatlıq fırıldağı" sərlövhəli yazıda ifadəsini tapan fikirlərin təkzibi üçün nəşrə QSC adından müraciət göndərildiyini bildirib. Şikayətçi qəzetdə gedən "Topaz"dan təkzib gəldi" (22.10.2011) sərlövhəli yazının QSC-ni qane etmədiyini söyləyib və Mətbuat Şurasından qurumun işgüzar nüfuzuna xələl gətirən belə halın qarşısının alınması üçün tədbir görülməsini xahiş edib.

Komissiya müvafiq materiallarla tanışlıqdan sonra şikayətçini qane edəcək təkzibin verilməsi qənaətinə gəlib. Bildirilib ki, məsələyə bu cür yanaşma tərəflərin məhkəmə ilə üzləşmə perspektivini aradan qaldırır.

Sonda "Ehtiyatda və İstefada olan Zabitlər" İB-nin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin "Elçi" və "Hürriyyət" qəzetlərində onun barəsində gedən yazılarla bağlı şikayəti araşdırılıb. "Hürriyyət" qəzetinin təmsilçisi müzakirəyə qatılmadığından müraciətin bu hissəsinə komissiyanın növbəti iclasında baxılması qərarlaşdırılıb.

"Elçi" qəzetinin rəhbəri Əli Həziquliyev qarşı tərəfin iradlarını səmimi qəbul edib. O bildirib ki, material yoxlanılmadan gedib və yazılanlar qəzetin rəsmi mövqeyi deyil. Buna görə də nəşr şikayətçi tərəfin tələbini yerinə yetirməyə hazırdır. Cəfərli bu mövqeyi məqbul hesab etdiyindən komissiya tərəflər arasında anlaşma əldə olunduğunu əsas götürərək məsələni bitmiş sayıb. Bunanla belə çıxarılan rəydə "Elçi" qəzetinin AJPDQ-nın müvafiq bəndlərini pozduğu da əksini tapıb.

Xəbər lenti

Xəbər lenti