...

Dövlət Yol Polisi Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması qərarına mövqeyini açıqlayıb

Cəmiyyət Materials 28 Fevral 2012 18:07 (UTC +04:00)
Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması qəzaların sayının azalmasına və ölümlə nəticələnən qəzaların azalmasına səbəb olacaq.
Dövlət Yol Polisi Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması qərarına mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması qəzaların sayının azalmasına və ölümlə nəticələnən qəzaların azalmasına səbəb olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, ABS sistemi ümumilikdə qəzaların sayının azalmasına təsir göstərə bilər. "ABS sürüşən təkərin bloklama sistemidir ki, o, avtomobili tormozlama zamanı hərəkət istiqamətini dəyişməyə, sürüşməyə qoymur", - Əliyev deyib.

İdarənin şöbə rəisi həmçinin bildirib ki, hava yastığı baş vermiş yol nəqliyyat hadisəsinin ağırlıq dərəcəsinə birbaşa təsir edir.

"Qəza zamanı hava yastığı açılıb insanı qoruyursa, zərbə, xəsarət və ölüm halları olmaya da bilər. Qəza zamanı hava yastığı ilə təchiz olunmayan avtomobillərdə ölümlə xəsarət alma ehtimalı daha çoxdur", - Əliyev vurğulayıb.

O qeyd edib ki, hansı ölkədə istehsal edilməsindən asılı olmayaraq, qeyd olunmuş cihazlarla təchiz olunmayan avtomobillər müvafiq qərar qüvvəyə mindiyi gündən etibarən ölkəyə buraxılmayacaq.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir ki, mayın 1-dən Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalı dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti