...

Azərbaycan ombudsmanı məhkəmələrdə monitorinqlərin aparılmasını təklif edir

Cəmiyyət Materials 1 Mart 2012 11:50 (UTC +04:00)
Ötən il insan hüquqları üzrə müvəkkilə (ombudsman) göndərilən şikayətlərin 1179-u məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Azərbaycan ombudsmanı məhkəmələrdə monitorinqlərin aparılmasını təklif edir

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir K.Zərbalıyeva/

Ötən il insan hüquqları üzrə müvəkkilə (ombudsman) göndərilən şikayətlərin 1179-u məhkəmələrin fəaliyyəti ilə bağlı olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında ombudsman Elmira Süleymanovanın 2011-ci il üzrə illik məruzəsində bildirilir.

Məruzədə qeyd olunur ki, daxil olan şikayətlərdən 2-si Konstitusiya Məhkəməsi, 109-u Ali Məhkəmə, 191-i apellyasiya məhkəmələrinin fəaliyyətindən olub.

Birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə bağlı ötən il ombudsmana 877 şikayət ünvanlanıb.

Ombudsman məruzəsində qeyd edir ki, şikayətlər məhkəmələrdə işə baxılma vaxtı və yeri haqqında proses iştirakçılarına müvafiq bildirişin göndərilməməsi, vətəndaşlarla kobud rəftar hallarına yol verilməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti üzrə vaxtında göndərilməməsi, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi, icra işində süründürməçiliyə yol verilməsi ilə bağlı olub.

Məruzədə bildirilir ki, ötən il qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiklərinə görə, Məhkəmə-Hüquq Şurasının təqdimatına əsasən, Prezidentin sərəncamı ilə 2 hakimin səlahiyyətinə vaxtından əvəl xitam verilib, bir hakimin intizam qaydasında iş yeri dəyişdirilib, 3 hakimə töhmət verilib, iksinə isə irad tutulub.

Müvəkkil məhkəmələrdə vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmələrdə Omdusman, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin nümayəndələri tərəfindən birgə monitorinqlərin, habelə ictimai monitorinqlərin aparılmasını təklif edir.

Ötən müddətdə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı müvəkkilin ünvanına 634, o cümlədən alimentlə bağlı 231 şikayət daxil olub.

Şikayətlər məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçilik hallarına yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlara münasibətdə etik davranış qaydalarının pozulması ilə bağlı olub.

Bəzən icra məmurlarının laqeyidliyi, icra işinə vaxtında başlanılmaması, öz vəzifəsinə məsuliyyətsiz və səhlənkar yanaşması nəticəsində hüquqların pozulması davam edib.

Məruzədə vurğulanır ki, məhkəmə qərarlarını icra etməkdən qərəzli olaraq boyun qaçıran borclular barəsində qanunauyğun tədbir görülməsi üçün icra məmurlarının təqdimatlarına baxan hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi və ya məhkəmələrin borcluya inzibati cəza verməsi icra imkanlarını məhdudlaşdırıb.

İllik məruzə Milli Məclisin martın 6-da keçiriləcək iclasında dinləniləcək.

Xəbər lenti

Xəbər lenti